Şəhid hərbçimiz torpağa tapşırıldı - FOTO

Şəhid hərbçimiz torpağa tapşırıldı - FOTO

Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib.

Azərbaycan ordusunun şəhid olan hərbçisi, Tağıyev Rahim Qara oğlu bu gün Mingəçevir şəhərində dəfn edilib.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə şəhid hərbçi R. Tağıyevin nəşi Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.

Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivi ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər.

Şəhidi son mənzilə yola salmaq üçün minlərlə mingəçevirli küçələrə axışıb. Şəhid Rahim Tağıyevin cənazəsi yaşadığı evdən Şəhidlər Xiyabanınadək əllərində Azərbaycanın üçrəngli bayrağı olan minlərlə insanın müşayiəti ilə aparılıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib.

Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.

0
390