Emin Ağalarov hamını salamladı: “Möhtəşəm olacaq...”

Emin Ağalarov hamını salamladı: “Möhtəşəm olacaq...”

Bəstəkar-müğənni Emin Ağalarov bu gün “Jara” festivalı ilə bağlı “Sea Breeze” istirahət mərkəzində mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, mətbuat konfransına E.Ağalarovdan savayı məşhur estrada müğənniləri Filipp Kirkorov, Qriqoriy Leps, Ani Lorak, Sergey Kojevnikov, Bayqali Serkibaev qatılıb.

Jurnalistlərin qarşısına ilk olaraq E.Ağalarov çıxaraq, “Jara” festivalı barədə fikirlərini bölüşüb: “Bu gün “Jara” festivalına Rusiyadan və yaxın xaricdən 480 nəfərə yaxın qonaq gəlib. Bu, mənim tərəfimdən təşkil olunmuş, həqiqətən də geniş miqyaslı bir tədbirdir. Bu festival mənim Moskvada təşkil etdiyim “Kainat gözəli”ndən daha geniş təşkil olunub. Bir sözlə, bugünkü konsert möhtəşəm olacaq. Konsertə bir çox tanınmış müğənniləri dəvət etdim. Dəvətimi qəbul edib, gəldilər. Xüsusilə Filipp Kirkorovu qeyd etmək istəyirəm. Çox sağ olsun ki, bizim təklifimizə “hə” dedi. Konsertdə səhnə alacaq bütün tanınmış müğənnilər ən gözəl musiqi proqramlarını təqdim edəcəklər. “Jara” festivalı dostluq, günəş, sevgi, birlik, sülh festivalıdır. Mən belə fikirləşirəm ki, musiqi hər kəsi birləşdirir. Konsertin yayımına görə Rusiyanın 1-ci kanalının rəhbərliyinə, Konstantin Ernstə, Yuri Aksutaya minnətdarlığımı bildirirəm. Onlar bu festivalı iki gün göstərəcəklər. Azərbaycanda isə AzTV bu festivalı bir həftə sonra yayımlayacaq. Və sonda bu tədbirə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, gənclər və idman naziri Azad Rəhimova təşəkkürümü bildirirəm”.

Daha sonra F.Kirkorov, A.Lorak, Q.Leps, B. Serkibaev də çıxış edərək, gecədə iştirak edəcəkləri üçün məmnunluq hissi keçirdiklərini deyiblər.

Onu da əlavə edək ki, saat 20:00-da başlayacaq “Jara”festivalında Filipp Kirkorov, Qriqoriy Leps, Leonid Aqutin, Vladimir Presnyakov, Katya Lel, Nargiz Zakirova, Sergey Lazarev, Timati, Serebro, Anita Tsoy və başqaları iştirak edəcək.

Azərbaycandan xalq artisti Polad Bülbüloğlu da səhnə alacaq.

Qeyd edək ki, E.Ağalarov “Jara” festivalı çərçivəsində ötən ay Moskvada da parti düzənləmişdi.

0
33