Bakıda "Jara" - AZ QALDI

Bakıda "Jara" - AZ QALDI

Bu gün yay mövsümünün ən hərarətli hadisəsi - “JARA” Beynəlxalq Musiqi Festivalı başlayır.

İyulun 9-10-da Bakının “Sea Breeze” istirahət zonasında təşkil olunacaq festivalın iştirakçıları artıq paytaxtımızdadırlar.

Bir neçə saatdan sonra start veriləcək Festival tamaşaçıları məşhur sənətçilərin sayı ilə heyrətləndirəcək. İştirakçılar arasında Rusiya estradasının kralı adına layiq görülən xalq artisti Filip Kirkorov da var. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, müğənni Bakıda olmaqdan məmnunluğunu ifadə edərək deyib: “Mən xoşbəxtəm ki, növbəti dəfə qonaqpərvər Azərbaycan tamaşaçısı üçün ifa etmək imkanım olacaq. Bilirəm ki, burada çox pərəstişkarım var. Mənim ən böyük arzum Bakıda solo konsertlə çıxış etməkdir. Ümid edirəm ki, qonaq olduğum “JARA” festivalı düşərli olacaq və bu arzum reallaşacaq. Festivala Rusiyanın, Azərbaycanın, Ukraynanın və Qazaxıstanın ən yaxşı artistləri toplaşırlar. Biz musiqiçilər ümumi bir dildə danışırıq. Bu iki gün ərzində biz gözəl səhnəyə çıxaraq sevgi dilində danışacağıq, məhəbbət haqqında mahnılar ifa edəcəyik. Bütün ifalar ancaq xoş əhval-ruhiyyəyə, sevgiyə, dostluğa köklənəcək. Mən Bakıdakı səhnəyə çıxmağıma qalan saatları sayıram, bu səhnədə Azərbaycan dilində nələrsə deyəcəyimi gözləyirəm. Çünki mənim üçün hər dəfə bu dildə danışmaq hədiyyədir. Ümid edirəm ki, konsertlər və təşkil olunan axşamlar həm mənə, həm də tamaşaçılara böyük zövq bəxş edəcək.

Müğənni və bəstəkar Emin Filip Kirkorovun çıxışının sürprizlərlə dolu olacağını bildirib.

Festivalda iştirak edən Rusiyanın digər məşhur ulduzları da artıq Bakıdadırlar. Onlar Azərbaycana sevgilərini elə ölkəmizə qədəm qoyduqları ilk andan hiss etdiriblər:

Leonid Aqutin: Mən Azərbaycanı çox sevirəm.

Vladimir Presnyakov: Festivaldan xoş, mehriban emosiyalar və təbii ki, peşəkar musiqi gözləyirəm.

Katya Lel: Mən Bakı Festivalından hədsiz emosiya, möhtəşəm sənət, dostlarımın sayəsində qeyri-adi ab-hava gözləyirəm. Mən Azərbaycan tamaşaçısını çox sevirəm. Çünki onlardan həmişə inanılmaz isti münasibət görmüşəm.

Dmitri Fomin: Mən möhtəşəm musiqi və tamaşaçıların yüksək əhval-ruhiyyəsini gözləyirəm. Azərbaycanlıları görmək istəyirəm, çoxdandır Bakıda olmamışdım.

Sati Kazanova: Mən artıq heyranam. Festivalda da belə ab-hava gözləyirəm.

Denis Klyaver: Festivaldan xoş əhval-ruhiyyə, sevinc və əlbəttə ki, ancaq pozitiv enerji gözləyirəm.

Emin: Təşkilatçılığa dəstəyə görə Prezident İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Leyla Əliyevaya səmimi qəlbdən təşəkkür edirəm.

Beləliklə, festivalda Filip Kirkorov, Qriqori Leps, Leonid Aqutin, Emın, Vladimir Presnyakov, Katya Lel, Nargiz Zakirova, Timati, Sergey Lazarev, Anita Tsoy, Svetlana Loboda, Vlad Sokolovski, “Banderos”, Polad Bülbüloğlu, Stas Mixaylov, Polina Qaqarina, Nyuşa, “A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, “Rast” qrupu, Səmra Rəhimli və bir çox digər sənətçilər iştirak edəcəklər. Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı xalı, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar.

“JARA” festivalı elə planlaşdırılıb ki, aparıcılar həm səhnədə, həm də zalda işləyəcəklər. Beləliklə, qonaqlar interaktiv prosesə və televiziya versiyasına cəlb olunacaqlar.

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

“JARA” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram 2 gün üçün nəzərdə tutulubsa, gələn il artıq 3-4 gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq. Təşkilatçılar əmin edirlər ki, festival ən yüksək standartlara uyğun təşkil olunaraq Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və əlamətdar hadisəyə çevriləcək.

0
38