Xalq rəssamının 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamının 90 illik yubileyinə həsr olunmuş sərgi açılacaq

Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasının 90 illik yubileyi münasibətilə iyulun 15-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sərgi açılacaq.

Nazirliyin mətbuat Oxu.Az-a verilən xəbərə görə, Azərbaycan Milli İncəsənət Muzeyində baş tutacaq sərgi iyulun 20-dək davam edəcək.

Sərgidə rəssamın Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və ailə kolleksiyasında saxlanılan əsərləri nümayiş olunacaq. Həmçinin, rəssamın illər öncə yaratdığı və indiyədək geniş tamaşaçı kütləsi qarşısında heç vaxt nümayiş olunmayan bir neçə əsəri də sərgilənəcək.

Qeyd edək ki, V.Nərimanbəyov 1926-cı ildə Fransanın Kann şəhərində dünyaya göz açıb. Valideynləri qəriblikdə çox qala bilməyib doğma vətənə qayıdıblar. İkinci dünya müharibəsi bu ailənin də həyatına təsir edib. Rəssam o dövrün amansızlıqlarına qarşı nifrətini kağız üzərində “Nədir günahımız?” adlı ilk əsərində təsvir edib.

Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirən Vidadi Nərimanbəyov V.Muxin adına Leninqrad Ali Rəssamlıq-Sənaye Məktəbində, sonra isə Tbilisi Rəssamlıq Akademiyasında təhsil alıb.

Tələbə ikən “Düşmənin sevinci...” tablosu ilə populyarlaşıb. 1963-cü ildə “Yolda” monumental, irihəcmli rəsm əsəri ilə şöhrət qazanıb. 20 Yanvara həsr etdiyi “Qatillər” əsəri dünyanın bütün sərgi salonlarında nümayiş etdirilib.

Vidadi bəy 2001-ci ildə vəfat edib.

A.S.

0
14