“Sınıq Körpü”də sıxlığın yaranmasının səbəbi açıqlandı

“Sınıq Körpü”də sıxlığın yaranmasının səbəbi açıqlandı

Prosedurlar kameralar vasitəsilə qeydə alınır.

İyulun 6-da səhər saatlarından etibarən Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Sınıq Körpü” gömrük-keçid məntəqəsində nisbi sıxlıq yaranıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, sıxlığın yaranmasının əsas səbəbi bayram günləri ilə əlaqədar Gürcüstana səyahət edənlərin sayının kəskin artmasıdır.

Gömrük-keçid məntəqəsinin iş rejimini çətinləşdirən digər amil isə Rusiya-Gürcüstan sərhədində baş verən uçqun nəticəsində Rusiyadan bu ölkəyə gedən avtomobillərin Rusiya-Azərbaycan-Gürcüstan marşrutu ilə hərəkət etməsi olub.

Belə ki, Rusiya-Gürcüstan arasındakı sərhəd-keçid məntəqəsinin iş rejimində yaranan problem nəticəsində Rusiyadan Gürcüstana gedən avtomobillər Azərbaycandan tranzit keçməklə “Sınıq Körpü” gömrük-keçid məntəqəsi vasitəsilə Gürcüstan ərazisinə hərəkət edir.

3 xətt vasitəsilə avtomobillərin intensiv keçidinin təmin olunduğu “Sınıq Körpü” gömrük-keçid məntəqəsi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və iyulun 7-də səhər saatlarına qədər gömrük-keçid məntəqəsindəki sıxlıq tam aradan qaldırılıb.

İyulun 7-də günortaya doğru isə “Sınıq Körpü” sərhəd-buraxılış məntəqəsinin qarşısında yenidən avtomobillərinin sıxlığı müşahidə olunmağa başlayıb.

Buraxılış məntəqəsindəki vəziyyətlə əlaqədar jurnalistlərə müsahibə verən sürücülər isə problemin yaranmasında əsasən “Sınıq Körpü” gömrük postunun əməkdaşlarını, yəni gömrük orqanlarını günahlandırıblar. Bununla əlaqədar komitə bir daha bildirir ki, sərhəd-buraxılış məntəqəsinin qarşısındakı sıxlıq gömrük orqanlarının fəaliyyəti və ya fəaliyyətsizliyi səbəbi ilə yaranmayıb.

Belə ki, “Sınıq Körpü” gömrük postunun ixrac-nəzarət xəttindən iyulun 6-da 874 ədəd minik və 263 ədəd yük, iyulun 7-də isə 805 ədəd minik və 180 ədəd yük avtomobilinin keçidi təmin olunub ki, bu da təqribən 2 dəqiqədən az vaxta bir minik, 10 dəqiqədən az vaxta isə bir yük avtomobilinin keçidi deməkdir.

Müvafiq gömrük prosedurlarının və yoxlamalarının yubadılması barədəki iddialara gəlincə, avtomobillərin və sərnişinlərin sərhəd-buraxılış məntəqəsinin və gömrük zonasının ərazisinə giriş-çıxış vaxtları, eyni zamanda məntəqənin daxilində həyata keçirilən prosedurlar kameralar vasitəsilə qeydə alınır.

DGK-nın tətbiq etdiyi və beynəlxalq təcrübəyə əsaslanan qaydalara əsasən, yük avtomobilinin müvafiq gömrük yoxlama və prosedurlarından keçirilərək yola salınması maksimum 20 dəqiqə ərzində təmin olunur.

Hal-hazırda problem tam aradan qaldırılıb və “Sınıq Körpü” gömrük-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.

0
17