İmtahanlarda şagirdlərin “2” almalarının səbəbi açıqlandı

İmtahanlarda şagirdlərin “2” almalarının səbəbi açıqlandı

Təhsil Nazirliyi şagirdlərin IX sinifdə buraxılış imtahanında “2” qiymət almalarının səbəblərini açıqlayıb.

Təhsil Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, son 3 ildə Azərbaycanda 20 mindən çox şagird milli qiymətləndirilmədə iştirak edib. Araşdırmalar nəticəsində aydın olub ki, şagirdlərin IX sinifdə buraxılış imtahanında “qeyri-kafi” qiymət almalarının əsas səbəbi onların, əslində, ibtidai sinifdə, yəni, 4-cü sinifdə zəif nəticə göstərmələridir.

Yuxarı sinifdə zəif nəticə göstərən şagirdlər ibtidai sinfi yaxşı mənimsəmədiklərindən yuxarı siniflərdəki məzmunu da qavramaqda çətinlik çəkirlər.

Qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən “Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə “(TSİİL) çərçivəsində 2013, 2014, 2015-ci illərdə həyata keçirilən milli qiymətləndirmə tədqiqatı ümumi təhsil müəssisələrinin müvafiq sinif şagirdlərinin oxuyub-anlama, Azərbaycan dili və riyaziyyat fənləri üzrə mənimsəmə səviyyəsini ölçmək məqsədi daşıyıb.

Milli qiymətləndirmə tədqiqatının keçirilmə prosesində təhsilin keyfiyyətinə təsir edən amillər kimi valideynlərin təhsilinin, məktəbəqədər hazırlığın, dərsdənkənar mütaliənin şagird nailiyyətinə təsiri, regionlar arasında şagird nailiyyətlərinin fərqi, kurrikulumun mənimsənilməsi səviyyəsi və digər məsələlər araşdırılıb.

0
11