Azərbaycanlı iş adamı maskalıların hücumuna məruz qalıb

Azərbaycanlı iş adamı maskalıların hücumuna məruz qalıb

Cinayətkarlar biznesmenin üstünə avtomat silah çəkərək pul və qiymətli əşyaları tələb ediblər.

Ukraynada azərbaycanlı iş adamı ailəsi ilə birgə Krıma gedərkən yolda naməlum şəxslərin hücumuna məruz qalıb.

Oxu.Az xəbər verir ki, Donetsk Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, hadisə iki gün əvvəl Zaporojye vilayətinin Melitopol şəhəri yaxınlığında baş verib.

Velikaya Novoselka şəhəri yaxınlığında yaşayan, 1978-ci il təvəllüdlü iş adamı Aslanov Vadim Aslan oğlu ailəsi ilə birgə Krıma istirahətə getmək istəyərkən dörd maskalı şəxs nömrəsiz avtomobillə onların yolunu kəsib.

Maskalılar avtomobilə zərbələr endirdikdən sonra V. Aslanovun üstünə avtomat silah çəkərək pul və qiymətli əşyaları tələb ediblər. V. Aslanova avtomatın qundağı ilə xəsarətlər yetirən quldurlar onların 10 000 dollaradək pulunu və qızıl-zinət əşyalarını alıblar.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənməyə çalışsaq da, səfirliyin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev sualları cavablandırmaqdan imtina edib.

0
25