Nazir: Çoxsaylı nöqsanlar aşkar edilib

Nazir: Çoxsaylı nöqsanlar aşkar edilib

“Yeni yanaşması olan kadrlara da ehtiyac duyulur”.

“Kabel-kanal sistemi uzun illər normativə uyğun, düzgün istismar edilməyib. Qeyd edim ki, tərəfimizdən aparılan audit zamanı qeyri-qanuni çəkilişlərin həyata keçirilməsi ilə bağlı çoxsaylı faktlar aşkarlanıb. Bu nöqsanlar ona gətirib çıxarıb ki, hazırda infrastrukturun normal texniki istismarı mümkünsüz olub”.

Oxu.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

Onun sözlərinə görə, artıq bu nöqsanların aradan qaldırılması üçün işlər görülür:

“Provayderlər ümumi istifadədə olan kabel-kanal sistemindən yararlanaraq özlərinin kabel infrastrukturlarını qurublar. Kabel-kanallarının sayının artırılması və intensiv yerləşdirilməsi mövcud quyuların normadan artıq yüklənməsinə səbəb olur.

Bu da öz növbəsində hər bir ünvana fiber-optik xəttin çəkilməsi kimi əhəmiyyətli layihənin həyata keçirilməsinə əngəl törədir. Ona görə də kabel-kanal sistemində başladığımız tədbirlər davam etdirilir”.

Ramin Quluzadə həmçinin nazirlikdə aparılan islahatlar barədə də danışıb:

“Nazirlikdə aparılan islahatlar ümumən ölkədəki çoxşaxəli islahatların tərkib hissəsidir və bu islahatlar ölkəmizin, eləcə dərabitə və yüksək texnologiyalar sahəsinin inkişafına yönəlib.

Təbii ki, köklü islahatlar hərtərəfli yanaşma tələb edir. Biz infrastrukturda, texniki təchizatda, texnologiyada, insan resursları sahəsində islahatlar aparırıq. Eyni zamanda əməkdaşlarımızın sosial təminat məsələlərinə də həssaslıqla yanaşırıq. İşçilərin sosial rifahının yüksəldilməsi başlanan islahatların ayrılmaz tərkib hissəsidir.

Azərbaycanın telekommunikasiya sahəsində çalışan, böyük kollektivdə uzun illərin təcrübəsinə malik güclü mütəxəssislər var. Amma hər zaman müasir inkişaf tempini izləyə bilən, yeni yanaşması olan kadrlara da ehtiyac duyulur.

Ona görə də işə daha peşəkar kadrlar cəlb edirik. Bununla yanaşı, əməkdaşların bilik və təcrübələrini artırmaq üçün treninqlər təşkil olunur, xarici mütəxəssislərlə əməkdaşlıq imkanları yaradılır. Beynəlxalq səviyyələrdə bir sıra nüfuzlu təşkilatlarla əməkdaşlığın genişləndirilməsi üçün işlər aparılır.

Onu da qeyd edim ki, rabitə və yüksək texnologiyalar sektorunda islahatlar bütün ölkə ərazisini əhatə edir. Doğrudur, hər yerdə eyni vaxtda nəticə əldə etmək mümkün deyil. Amma paytaxtla paralel bölgələrdə də yeni telekommunikasiya layihələri həyata keçirilir. İslahatlar poçt, telekommunikasiya, eləcə də digər seqmentləri əhatə edir.

Əlbəttə, qeyd olunan işlərin həyata keçirilməsinə müəyyən zaman lazımdır və yaxın gələcəkdə bu islahatların və onların konkret nəticələrinin şahidi olacağıq.

0
19