Məhəmməd Əli nədən qorxurmuş? - DOST XATİRƏSİ

Məhəmməd Əli nədən qorxurmuş? - DOST XATİRƏSİ

Bir dəfə görüşəndə zarafatlaşaraq, burnuna yumruq atmağımı, fotoqrafın isə o anı çəkməsini istədi. Mən də şəkil xatirinə bunu etdim. Amma o mənə bir yumruq atsaydı, kim bilir, vəziyyətim necə olardı?

Lent.az saytının məlumatına görə, bu sözləri tanınmış yazar və radio prodüseri Abdülmalik Mücahit deyib. Söhbət isə ötən ay dünyasını dəyişmiş, əfsanəvi boksçu Məhəmməd Əlidən gedir. Əsl adı Kassius Marsellus Kley olan Əli hələ uzun müddət yaddaşlarda qalacaq. İdmançı və insan kimi qazandığı sevgi ölümündən sonra da davam edəcək, davam edir də.

Abdülmalik Mücahitlə yaxın dostluğu olub Məhəmməd Əlinin. Dediyinə görə, Əli dostluğa çox dəyər verib. Elə buna görə də, Mücahitlə arasındakı dostluq münasibəti həyatının sonuna qədər heç dəyişməyib. 2011-2015- ci illər ərzində 5 dəfə ən təsirli 500 müsəlman siyahısına düşən Mücahit Məhəmməd Əli ilə bağlı xatirələrini bölüşüb. O, dahi boksçu ilə dialoqlarını yada salıb:

Ondan ən çox nədən qorxduğunu soruşdum. Əvvəlcə zarafatla həyat yoldaşını göstərdi. Sonra isə Allahın məni cənnətə qoymamasından qorxuram cavabını verdi. Bu sözləri başda həyat yoldaşı olmaqla, mən də daxil, otaqdakıları ağlatdı. Sonra onun əlini tutub, Qardaşım, sən bütün insanlar üçün çalışdın. İnşallah, Allah səni cənnətinə qoyacaq dedim. Mənə baxdı və düşüncəyə daldı;.

Güclü xarakteri ilə seçilən Əli olduqca sadə olub. Zarafat etməyi isə xüsusilə xoşlayıb. Mücahit mərhum dostunun hazırcavab olduğunu deyib: Çox zarafatcıl idi, üzündən gülüş əskik olmurdu. Bir dəfə soruşdum ki, sənə niyə ən böyük deyirlər? Mənə baxıb dedi ki, xeyr, ən böyüh Allahdı, mən isə ən böyük boksçuyam.

Mücahit uzun illər dostluq etdiyi Əlinin insanlara tez-tez İslam dinini başa saldığını bildirib: Məhəmməd Əli yanında həmişə İslam dinini tanıdan balaca kitablar daşıyırdı və onları insanlara verirdi. Çikaqoda Fələstinə dəstək üçün həyata keçirilən o zamana qədər ön böyük yürüş var idi. Ona zəng edib, yürüşə qatılmasını rica etdim. Sözümü yerə

salmadı. Gəldi və yürüşü birgə keçirdik. CBC-nin müxbiri təşkilatın lideri mən olduğum üçün “Məhəmməd Əli niyə burdadı”, deyə soruşdu. Mən isə cavabımda Əlinin müsəlman olduğunu və fələstinlilərin mücadiləsini dəstəklədiyini bildirdim. Bosniya və Herseqovinadakı soyqırımla əlaqədar, təşkil etdiyimiz tədbirlərə də qatıldı, ABŞ hökuməti üzərində təzyiq yaratdı və sonunda serblərə müdaxilə olundu. Məhəmməd Əli dünyadakı bütün müsəlmanların qardaşıydı.

Məhəmməd Əlinin “əfsanə” olması üçün yaşadığı 74 il bəs etdi. Odu ki, hələ uzun müddət boksun dahisi kimi Mayk Tayson və başqalarından çox məhz onun adı çəkiləcək...

0
27