Azərbaycanda əmlak satışı ilə bağlı YENİ QAYDALAR qüvvəyə mindi

Azərbaycanda əmlak satışı ilə bağlı YENİ QAYDALAR qüvvəyə mindi

Nazirlər Kabineti “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən bundan sonra kommersiya hüquqi şəxsi ilə bağlı notariat hərəkətləri aparılarkən, notarius kommersiya hüquqi şəxslərinin dövlət reyestrinə daxil olmuş, o cümlədən təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatları informasiya sistemi vasitəsilə elektron sorğu əsasında gün ərzində əldə edəcək və bu barədə çap edilmiş arayışı müvafiq notariat hərəkəti üzrə notariusda saxlanılan işin nüsxəsinə əlavə edəcək.

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə müqavilənin (alqı-satqı, bağışlama, dəyişdirmə, renta və s.) notariat qaydasında təsdiqi zamanı notarius Vergi Məcəlləsinə uyğun olaraq, sadələşdirilmiş vergini hesablayaraq 1 bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına təqdim etməyə borcludur. Fiziki şəxsin özgəninkiləşdirilən yaşayış yeri üzrə qeydiyyatda olması müddəti “Elektron notariat” və “Giriş-çıxış və qeydiyyat” avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə əldə edilmiş məlumat əsasında mülkiyyət hüququnun əldə edilməsi müddətindən asılı olmayaraq müəyyən ediləcək. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinə görə hesablanmış sadələşdirilmiş verginin depozit hesabından dövlət büdcəsinə mədaxil edilməsi üçün notarius təqdim edən şəxsə ödəniş tapşırığı verəcək. Satıcı həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi barədə bank qəbzini notariusa təqdim etdikdən sonra təsdiq olunmuş müqavilə tərəflərə veriləcək. Həmin qəbzin əsli notariat işində saxlanılacaq, surəti notarius tərəfindən satıcıya veriləcək. Müqavilə üzrə pul məbləği Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağı həddən az olduğu hallarda, habelə bağışlama, dəyişdirmə, renta (daşınmaz əmlak bağışlandıqda) müqavilələri üzrə yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı müqavilələrin rəsmiləşdirilməsi zamanı hesablanmış sadələşdirilmiş verginin depozit hesabına mədaxil edilməsi üçün notarius təqdim edən şəxsə banka ünvanlanmış məktub verəcək və hesablanmış sadələşdirilmiş vergi notariusun təqdim edən şəxsə verdiyi ödəniş tapşırığı əsasında depozit hesabı vasitəsilə dövlət büdcəsinə ödəniləcək. Müqavilənin rəsmiləşdirilməsi vaxtı bankın qeyri-iş gününə təsadüf etdikdə, notarius hesablanmış sadələşdirilmiş vergini növbəti bank günündən gec olmayaraq dövlət büdcəsinə ödənilməsi üçün nağd şəkildə tutmaqla, sadələşdirilmiş verginin tutulmasını təsdiq edən sənədi (qəbzi) təqdim edən şəxsə, müqaviləni isə hər iki tərəfə verəcək. Hər ay başa çatdıqda, növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə dövlət büdcəsinə ödənilmiş vergi barədə bank hesabından çıxarışla üzləşmə aparılacaq və rübdən sonra ayın 5-dək Ədliyyə Nazirliyinə məlumat veriləcək.

0
13