Xetaq Qazyumov Almaniya Qran-prisinin qalibi oldu

Xetaq Qazyumov Almaniya Qran-prisinin qalibi oldu

İyulun 2-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran-pri beynəlxalq turniri başlayıb.

Trend-in məlumatına görə, ilk yarış günündə 65, 74, 86 və 97 kiloqram çəkidə sərbəst, 66, 75, 85 və 98 kiloqram çəkidə yunan-Roma güləşçiləri mübarizə aparıblar.

Yarışda 97 kiloqramda mübarizə aparan komandamızın kapitanı Xetaq Qazyumov bütün rəqiblərini üstələyərək finala yüksəlib. Fransa və Türkiyədən olan rəqiblərini asanlıqla üstələyən Xetaq yarımfinalda sonuncu dünya çempionu olan ABŞ təmsilçisi Kyle Snyderlə qarşılaşıb. Gərgin keçən görüş güləşçimizin üstünlüyü ilə başa çatıb. Xetaq Qazyumov finalda Polşa təmsilçisi Radoslav Barana qalib gələrək Almaniya Qran-prisinin qızıl medalına sahib olub.

Yunan-Roma güləşi yarışlarındakı təmsilçimiz Rafiq Hüseynov (75 kq) İsveç, Çexiya və ABŞ-dan olan rəqiblərini tam üstünlüklə məğlub edərək finala yüksəlib. Finalda güləşçimizin rəqibi Rusiya təmsilçisi Çingiz Labazanov olacaq.

Sərbəst güləş yarışlarında 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu Toğrul Əsgərov mübarizəyə 1/4 finaldan başlayıb və ardıcıl olaraq Almaniya və Türkiyədən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə onun rəqibi ABŞ təmsilçisi Frank Molinaro olacaq.

Turnirdə 86 kiloqram çəkidə mübarizə aparan Nurməhəmməd Hacıyev ardıcıl olaraq Belarus, Almaniya və Polşadan iki idmançı üzərində inamlı qələbə qazanaraq finala yüksəlib. Olimpiya çempionu Şərif Şərifov isə finala qədər Almaniya, ABŞ və Qazaxıstandan olan rəqiblərini üstələyib. Güləş həvəskarları bu çəkidə Azərbaycan finalını izləyəcəklər.

 
0
10