FHN-in təşkil etdiyi beynəlxalq yarış başa çatdı

FHN-in təşkil etdiyi beynəlxalq yarış başa çatdı

Qəbələ rayonunda keçirilən “Gənc xilasedici” IV Beynəlxalq yarışı və “Gənc xilasedici və yanğınsöndürən” V Ümumrespublika birinciliyinin qalibləri mükafatlandırılıb.

Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firidun Qurbanov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qəbələ ictimaiyyətinin nümayəndələri yarış iştirakçısı olan gənc yanğınsöndürən və xilasedicilərin iştirakı ilə keçirilən təlimlərə baxış keçiriblər. Nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüş keçirərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı və qidalanması üçün yaradılan şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.

Sonra komandalar şərti olaraq “Yeddi Gözəl” hotelində baş verən şərti yanğının söndürülməsi, hoteldə köməksiz vəziyyətdə qalan insanların xilas edilməsi, göldə şərti boğulmaq təhlükəsi ilə üzləşən uşağın, dənizdə neft platformasında baş verən şərti yanğın zamanı insanların xilas edilməsi əməliyyatını uğurla başa vurublar.

Təlimdən sonra gənc yanğınsöndürən və xilasedicilər motosikletlərlə yürüş edərək Azərbaycan bayrağını dalğalandırıblar.

Komanda kapitanlarının iştirakı ilə Qəbələ Mədəniyyət Mərkəzində dəyirmi masa keçirilib. Keçirilən yarışların gənclərin fövqəladə hallara qarşı mübarizədə təcrübə qazanmalarına geniş imkanlar açacağını diqqətə çatdıran nazir Kəmaləddin Heydərov belə tədbirlərin davam etdirilməsinin vacibliyini vurğulayıb. Fövqəladə hallar naziri dəyirmi masa iştirakçılarının suallarını da cavablandırıb.

Yarış iştirakçısı olan gənc əcnəbi xilasedicilər belə yüksək səviyyəli yarışlara görə FHN-ə minnətdarlıqlarını bildiriblər.

Daha sonra yarışda qalib gələn komandaların mükafatlandırılması mərasimi keçirilib.

Qəbələ Mədəniyyət Mərkəzində keçirilən mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə iyunun 28-dən iyulun 2-dək Qəbələdə keçirilən yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Məlumat verilib ki, beynəlxalq yarışda Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Pakistan, Gürcüstan və Belarusdan olan gənclər iştirak ediblər. Ümumrespublika birinciliyində isə 10 rayon və şəhərin komandaları güclərini sınayıblar. Komandalar yarışlarda “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar.

Beynəlxalq yarışda birinci yeri  Azərbaycan, ikinci yeri Gürcüstan, üçüncü yeri isə Rusiya komandaları tutublar. Ümumrespublika birinciliyində isə birinci yerə Bakı şəhəri, Nizami rayonunun 220 nömrəli tam orta  məktəbi, ikinci yerə Yardımlı, üçüncü yerə İsmayıllı rayonunun komandaları layiq görülüblər.

Nazir Kəmaləddin Heydərov, təhsil nazirinin müavini Firidun Qurbanov,  gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxış edərək bildiriblər ki, bu yarışın hər il keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir.

Sonra qalib komandalara mükafatlar təqdim edilib. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr verilib.

0
4