“Xaliq Faiqoğlu” şirkətinin yeni təmir mərkəzi istifadəyə verilib

“Xaliq Faiqoğlu” şirkətinin yeni təmir mərkəzi istifadəyə verilib

2002-ci ildən Bakı şəhərində sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” MMC-nin bu gün yeni təmir mərkəzi istifadəyə verilib. Lent.az-ın məlumatına görə, yeni konsepsiyada inşa olunmuş, müasir diaqnostik və təmir cihazları ilə təchiz olunmuş mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməklə şirkətin istismarında olan avtobuslara gündəlik baxış və sərvis xidməti göstəriləcək. Burada avtobusların daxili və xaricinin təmizlənməsi, o cümlədən avtobus salonlarının dezinfeksiyası həyata keçiriləcək. Mərkəzdə çalışan geniş iş təcrübəsinə malik olan mütəxəssislər dəfələrlə xarici ölkələrdə təlim və ixtisasartırma kurslarında iştirak ediblər.

Bundan başqa təmir mərkəzinin inzibati binasında sürücülərin xəttə çıxmadan öncə həkim müayinəsindən keçmələri üçün xüsusi həkim otağı, dispetçer, ehtiyat hissələrinin saxlandığı anbar və ofis otaqları mövcuddur. Bu gün dövlət tərəfindən sahibkarlığın inkişafına xüsusi qayğının göstərildiyini deyən şirkətin rəhbəri Faiq Seyidov təmir mərkəzində 50-ə yaxın yeni iş yerinin yaradıldığını bildirib. Prezidentin sərəncamı ilə yaradılan Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda yaxından iştirak edən “Xaliq Faiqoğlu” şirkəti tərəfindən Bakı şəhərinə yeni, iritutumlu 12 metrlik avtobusların gətirilməsi də nəzərdə tutulub. Bundan başqa iyul ayının sonunadək şirkətin istismarında olan 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərində “BakıKart” sistemi tətbiq ediləcək. Şirkət tərəfindən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə qarşıda duran ən vacib məsələ sürücülərin beynəlxalq səviyyəli təlimlərə cəlb olunmasıdır. Bu məqsədlə şirkət dünyaca məşhur Almaniyanın “HED Academy” şirkəti ilə əməkdaşlığa da başlayıb.

“Hed Academy” şirkətinin prezidenti Cankat Hurmoğlu isə mərkəzdə həyata keçirilən işlərin yüksək səviyyədə olduğunu vurğulayıb. Onun sözlərinə görə, məsələ təkcə yüksək avadanlıqların ölkəyə gətirilməsində deyil, eyni zamanda onları işlədə bilən peşəkarlar da olmasındadır: “Bu xüsusda “Xaliq Faiqoğlu” şirkəti yüksək işlər görüb. Bundan sonra biz də şirkətlə birgə treninqlər keçirəcəyik. Həm sürücülərin sərnişinlərə davranış qaydaları, həm də texniki məsələlərdə “Xaliq Faiqoğlu” MMC-yə kömək edəcəyik”.

0
28