Elçin Şıxlı: Qulu Məhərrəmli avara-avara işlərlə məşğuldur

Elçin Şıxlı: Qulu Məhərrəmli avara-avara işlərlə məşğuldur

“Hətta ona tövsiyə də edirik ki, get bir yolluq içəridə yat”.

“Ayna” və “Zerkalo” qəzetlərinin təsisçisi Elçin Şıxlı Qafqazinfo-ya müsahibə verib.

Oxu.Az həmin müsahibəni ixtisarla təqdim edir:

- Qulu Məhərrəmli son zamanlar AzTV sədri ilə aralarında olan mübahisəyə görə medianın gündəmində oldu. İş məhkəməyə qədər gedib çıxdı. Amma biz sizin yaxın dost olaraq Qulu Məhərrəmliyə aktiv dəstəyinizin şahidi olmadıq...

- Mən çox təəssüf edirəm ki, Qulu Məhərrəmli son bir neçə aydır avara-avara işlərlə məşğuldur. Nə mənada avara? Çünki Qulu Məhərrəmli potensialını mediamızın, televiziyamızın daha da təkmilləşdirilməsi istiqamətində sərf etməli idi. Amma Qulu Məhərrəmli Arif Alışanovun məhkəmə proseslərinə vaxt sərf edir. Hələ Arif Alışanov qalsın bir yana, hər yerindən duran, ümumiyyətlə, jurnalistikadan başı çıxmayan, yazı yazmağı bacarmayan ünsürlər də Qulu Məhərrəmlini məhkəməyə verir, onun haqqında ağzına gələni danışır. Əsl biabırçılıq budur.

İndi bayaq sual verdiniz ki, siz niyə kənarda durmuş kimisiniz? Qulu Məhərrəmli bircə kəlmə işlətdi, onu məhkəməyə verdilər. Yəni mən məhkəməyə verilməkdən qorxmuram. Sadəcə olaraq vaxtımı, əsəblərimi, ömrümü belə avara işlərə sərf etməyi özümə rəva bilmirəm. Qulunun özünə də rəva görmürəm, indi belə alınıb.

Dəstək məsələsinə gəlincə isə, biz Qulu Məhərrəmli ilə demək olar ki, hər gün görüşürük. Hətta ona tövsiyə də edirik ki, get bir yolluq içəridə yat, vicdan məhbusu ol və səni müdafiə edək, amma razılaşmır (gülür). Bu, təbii ki, zarafatdır. Qulu Məhərrəmli bu saat AzTV-ni çiyniylə irəli itələməlidir, bunlar bunu məhkəməyə veriblər. Bu da bizim medianın vəziyyəti.

A.S.

0
34