Oxu.Az – 3 il sizinlə!

Oxu.Az – 3 il sizinlə!

Artıq fəaliyyətimizin üçüncü ilinə qədəm qoyuruq.

Üç il bundan öncə, iyulun 1-də Oxu.Az İnformasiya Agentliyi fəaliyyətə başlayıb.

Azərbaycanın media bazarına daxil olarkən qarşımızda yeni, mövcud xəbər portallarından seçilən, oxucuların yerli xəbərlərlə yanaşı, dünyada baş verən maraqlı hadisələrdən də xəbər tutacağı sayt yaratmaq kimi çətin bir vəzifə dururdu.

3 il əvvəl gündəlik auditoriyası 3-5 min nəfər, hazırda isə gündəlik auditoriyası 100-150 min nəfər, aylıq auditoriyası 2 milyon oxucunu ötən Oxu.Az-ın bu vəzifənin öhdəsindən gəldiyini söyləmək olar. 

Əməkdaşlarımızın qətiyyəti və zəhməti sayəsində unikal dizaynı ilə fərqlənən Oxu.Az qısa bir zamanda Azərbaycanda geniş auditoriya qazandı. Bu gün hər ay 2 milyondan çox oxucu region və dünyada baş verən yerli və xarici informasiyanı Oxu.Az vasitəsilə əldə edir.

Əlbəttə, böyük oxucu kütləsinin olması, onların qarşısında olan məsuliyyəti bir o qədər də artırır, hər bir xəbərin hazırlanmasına daha diqqətlə yanaşmağı, hər bir detalı təkrar-təkrar yoxlamağı tələb edir.

Bu il cəbhədə baş verən məlum aprel hadisələrində Azərbaycan oxucularının baş verənlər barədə dəqiq məlumat almaq üçün məhz Oxu.Az-a üz tutması, həmin günlərdə saytın gündəlik oxucu auditoriyasının dəfələrlə genişlənməsi də bizim oxucunu aldatmamaq siyasətimizin bəhrəsi kimi dəyərləndirilir. 

Artıq fəaliyyətimizin dördüncü ilinə qədəm qoyuruq. Geridə qalmış üç ildə məqsədimiz 2 milyon və bundan bir qədər çox auditoriyanı düzgün istiqamətə yönləndirmək və cəmiyyətdə çaşqınlıq yaradan məsələlər ətrafında auditoriyada düzgün baxış bucağı yaratmaq olub. 

Qeyd etdiyimiz məsələlər bundan sonrakı fəaliyyətimizdə də bizim komandanın əsas devizi olacaq. 

Qarşıda görüləsi işlər çoxdur – planlarımız və auditoriyamız üçün maraqlı fotolayihələr, müxtəlif insanlarla maraqlı müsahibələr və s. var. 

Ona görə də bizimlə qalın, əziz oxucular!

0
34