Maşın bazarında 60-dan artıq mağaza tamamilə yanıb

Maşın bazarında 60-dan artıq mağaza tamamilə yanıb

Həmin sıradan heç nə çıxarmaq mümkün olmayıb.

Dünən axşam saatlarında Bakının Babək prospektində fəaliyyət göstərən “maşın bazarı”nda baş verən yanğın nəticəsində sahibkarlara külli miqdarda ziyan dəyib. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə bazardakı sahibkarlar məlumat verib.

Sahibkarlar bildiriblər ki, hadisə nəticəsində bazarda olan 3 ticarət çərgəsinin birinci sırası tam, ikinci sıranın isə bir hissəsi yanıb:

“Hadisə nəticəsində 60-dan çox mağaza və köşk tamamilə yanıb. Həmin sıradan heç nə çıxarmaq mümkün olmayıb. Ümumilikdə, 1000 kvadratmetrə yaxın ərazidəki bütün mağazalar yanıb”.

Qeyd edək ki, dünən axşam saatlarında Bakı şəhəri, Nizami rayonundakı maşın bazarında mağazalardan birində güclü yanğın baş verib. Hadisə yerinə 5-dən çox yanğınsöndürən avtomobil və qüvvə cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin baş vermiş yanğın hadisəsi ilə bağlı ötən gün yaydığı məlumatda bildirilirdi ki, Bakı şəhəri, Nizami rayonu, maşın bazarında mağazalardan birində baş vermiş yanğın saat 22:59-da söndürülüb.

0
12