Tale Heydərov: "Hədəf qoymuşuq ki..."

Tale Heydərov: "Hədəf qoymuşuq ki..."

 "Belə hesab gözləmirdik. Bizim üçün çox sevindirici haldır ki, hesab belə oldu. Ancaq hesab hər şey demək deyil. Ümid edirəm ki, komandamıznövbəti görüşlərdə də belə nəticələr qazanacaq". Apasport.az saytının xəbərinə görə, bu sözləri "Qəbələ" klubunun prezidenti Tale Heydərov deyib.

"Qəbələ" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Samtredia" üzərində 5:1 hesablı qələbə qazanıb. Qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandıran T.Heydərov yeni transferlərdən razı qaldığını söyləyib.

- Hesab aydındı, bəs komandanın oyunu sizi nə dərəcədə qane elədi?

- Bu barədə danışmaq çətindi. Hesaba baxsaq, deyə bilərik ki, yaxşı oynadıq. Növbəti rəqiblərlə oyunlardan sonra bunu demək daha asan olacaq.

- Yeni transferlərin oyununu necə dəyərləndirərsiniz?

- Mən şəxsən yeni transferləri bəyəndim. Yenə dəyirəm, onları da daha çətin sınaqlarda yoxlamaq lazımdı. Ancaq fikrimcə, pis çıxış etmədilər.

- Bu gün ən rahat matçınızı izlədiniz...

- Bəli, birinci dəfə idi belə rahat matç izləyirdim.

- Yeni transferlər gözlənilirmi?

- Bir hücumçu axtarırıq. Bu yaxınlarda yeni transfer baş tutacaq.

- İlkin təəssürat necədi, bu komanda daha güclü təsir bağışlayır, ya keçənilki?

- Bu barədə danışmaq çətindi. Ancaq fikrimcə, ən azından keçənilkindən pis deyil. Ola bilsin hətta daha yaxşıdı. Bunu gələn oyunlarda biləcəyik.

- Komandanın qarşısına hansı mərhələyə qədər yüksəlmək hədəfi qoyulubmu?

- Hədəf həmişə daha irəli getməkdi. Keçənilkindən daha yaxşı çıxış etmək istəyirik.

- İlk oyunda 3 qol vuran Teo Uiksin çıxışını bir cümlə ilə necə şərh edərdiniz?

- Gözlənilməz idi. Biz hətta 3 qol vuracağımızı gözləmirdik, o ki qaldı bir oyunçunun 3 qol vurması. Çox da gözəl qollar idi.

- Ötən mövsümün sonunda “Qəbələ” bir qədər uğursuz çıxış elədi və sanki belə təəssürat yarandı ki, komandadan bir qədər incik düşmüsünüz. Avropada yenidən uğur qazanaraq həmin inamı qaytara bilərmi komanda?

- Bilirsiniz, bizim və şəxsən mənim komanda ilə bağlı hədəflərim həmişə böyükdü. Ona görə də mən keçən il Azərbaycan çempionatında daha yaxşı nəticə gözləyirdim. Ancaq təəssüf ki, bu, belə olmadı. Ümid edirəm ki, bəlkə bu oyunlarda uğurlu seriyanı bərpa edək.

- Gənc oyunçular da meydanda çox idi. Bu, onu göstərirmi ki, “Qəbələ” artıq öz yetirmələrinə güvənəcək?

- Məşqçinin qarşısında hədəf qoymuşuq ki, daha çox yerli futbolçuları oynatsın. Bu gün də onun şahidi olduq. Hədəf budu.

0
15