Azərbaycanda banan ağacı bar verdi - VİDEO

Azərbaycanda banan ağacı bar verdi - VİDEO

Tropik iqlim şəraitinə xas olan bitkinin yetişdirilməsi üçün soyuqdan qorumaq lazımdır.

Xaçmaz rayonunun Müzəffəroba kənd sakini Əhməd Babayev həyətyanı sahəsində tropik iqlim şəraitinə xas bitki olan banan yetişdirib.

Oxu.Az Region TV-yə istinadən məlumat verir ki, banan 5 il bundan əvvəl əkilsə də, təsərrüfatçı ondan məhsul əldə edə bilməyib. Buna isə bananın gec gül açması və meyvənin soyuğun təsirindən məhv olması səbəb olub.

Bu il ağac vaxtında bar verdiyi üçün Ə.Babayev ilk dəfə özü yetişdirdiyi banandan dadacağını deyib: 

“3-4 metr hündürlüyündə qalxıb. Meyvəsi də bu il tez verib. Güman edirəm ki, oktyabr ayında öz yerinə gələcək”.

Banan ağacı ildə bir dəfə bar verir. Məhsul verdikdən sonra isə ağacın yaşıl kütləsi quruyur, növbəti il yeni zoğlar cücərir.

Ə.Babayevin sözlərinə görə, bananın çəkisi də az deyil: 

“Xarici ölkələrdə bananın bir darağı 50 kq-a yaxın olur. Bizdə təxminən 20-25 kq-a yaxın olar”.

Banan yerli iqlimə xas bitki olmadığına görə, o, xüsusi şəraitdə yetişdirilməlidir və daima qulluq göstərilməlidir. Bu isə bir qədər çətindir: 

“Çoxlu su verilməlidir. Bir də ki, soyuqdan qorumaq lazımdır. Çiçək açdıqda isə o çiçəklərin güllərində şirə olur. Həmin şirəyə də çoxlu qarışqa toplaşır. Buna icazə vermək olmaz”.

Təsərrüfatçı bu il yaxşı məhsul götürərsə, ağacların sayını artırmaq fikrindədir.

0
24