IB Gənclər Festivalı uğurla yekunlaşdı

IB Gənclər Festivalı uğurla yekunlaşdı

IB Club Gənclər Mərkəzi və Neftçi Peşkar Futbol klubu tərəfindən “Bakcell Arena”da həyata keçirilən IB Gənclər Festivalı 25 iyun tarixində uğurla başa çatıb.

Oxu.Az xəbər verir ki, festival gənclər tərəfindən gözlənilən marağı cəlb edə bilmiş və 11000-dən çox gənc festivalın iştirakçısı olmuşdur.

İki hissədən ibarət festivalda 11001 gənc əvvəlcə arena ətrafında müxtəlif əyləncəli və intellektual aktivliklərə və oyunlara qoşulmuş, müxtəlif şirkətlərin qurduğu stendlərlə tanış olmuş, şirkətlərin təklif etdiyi endirimli təkliflərdən festival daxilində istifadə etmişdilər. Həmçinin gənclər DJ-lərin, müxtəlif musiqi qruplarının ifaları fonunda əylənə biliblər.

Festivalın ikinci hissəsi isə “Bakcell Arena” daxilində davam etmişdir. Arena daxilində festival iştirakçıları çoxsaylı məşhurların çıxışları ilə tanış olmuş, tanınmış müğənnilərin ifalarını dinləmiş və coşğulu musiqilər fonunda arenanın zövqünü yaşamağa çalışmışlar.

Eyni zamanda, 11001 gənc bir yerdə festivalın himnini səsləndiriblər. Festivalın məşhur qonaqları sırasında Bəhram Bağırzadə, Günay İbrahimli, Sevda Yəhyayeva, DJ Çingiz Mustafayev, İlham Zəkiyev, müğənni Rauf, Elnur Məmmədov, Natavan Həbibi və ölkənin digərlər tanınmışları olmuşdur. Festivalın aparıcıları qismində Murad Arif və Hüsniyyə Məhərrəmova iştirak etmişdilər.

Qeyd edək ki, IB Gənclər Festivalına təşkilati dəstəyi Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Asan Könüllüləri Təşkilatı göstərmişdir. Bundan əlavə, festivalda icraçı tərəfdaş qismində “Gravty İnc.”, dizayn tərəfdaşı kimi isə “BrandUp” rəqəmsal agentliyi təmsil olunmuşdur.

Festivalın əsas təşkilatçısı, ölkənin ən böyük gənclər mərkəzi olan IB Club Gənclərin İnkişaf Mərkəzi 2010-cu ildən etibarən fəaliyyət göstərir və artıq 12 minə yaxın üzvü mövcuddur.

0
22