Kreml Putin və Ərdoğanın telefon danışığı barədə məlumat yayıb

Kreml Putin və Ərdoğanın telefon danışığı barədə məlumat yayıb

Rusiya lideri hökumətə ikitərəfli əməkdaşlığın bərpa edilməsi ilə bağlı göstəriş verəcəyini bildirib.

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana dünən İstanbulun Atatürk Hava Limanında baş verən terror aktı ilə əlaqədar başsağlığı verib. Həlak olanların ailələrinə baş sağlığı verib, yaralananlara isə tezliklə sağalmağı diləyib. 

Oxu.Az Kremlin saytına istinadən xəbər verir ki, söhbət zamanı hər iki tərəf terror təhlükəsinə qarşı mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini qeyd ediblər.

Rusiya prezidenti Nazirlər Kabinetinə iqtisadi-ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlığın bərpa edilməsi ilə bağlı göstəriş verəcəyini bildirib.

Bu kontekstdə rusiyalı pilotun ölümündə ittiham edilən Türkiyə vətəndaşına dair başlanmış məhkəmə araşdırması obyektiv xarakter daşıyacağına ümidvar olduğunu bildirib. 

Rusiya lideri bəyan edib ki, rusiyalı turistlərə Türkiyəyə səyahət etməyin məhdudlaşdırılması tədbirləri geri götürülür. 

Bununla yanaşı, Türkiyə hökumətinin Rusiya vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə addımlar atması ilə bağlı niyyət ifadə olunub.

Həmçinin Rusiya və Türkiyə XİN başçılarının iyulun 1-də Soçidə görüşü razılaşdırılıb. Bu görüşdə regiondakı vəziyyət, Suriya böhranı və Rusiya-Türkiyə əlaqələrinin gələcək inkişafı məsələləri müzakirə olunacaq. 

 Rusiya və Türkiyə prezidentləri yaxın perspektivdə görüşün keçirilməsinin mümkünlüyü barədə müzakirələr aparmaq barədə razılaşıblar. 

Ümumilikdə görüş işgüzar, konstruktiv xarakter daşıyıb və çoxplanlı ikitərəfli əməkdaşlığın bərpasına yönəlib.

0
16