IV Ağıl Oyunları Festivalı keçirilib

IV Ağıl Oyunları Festivalı keçirilib

“Avanqard” komandası rəqiblərini qabaqlayaraq turnirin çempionu adını qazanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə Bakıda Azərbaycanın ən böyük intellektual layihələrindən biri olan “Nə? Harada? Nə zaman?” oyunu üzrə IV Ağıl Oyunları Festivalı təşkil olunub. Festival 25-26 iyunda Bakıda “Kempinski Hotel Badamdar”da baş tutub. 

Festivalın əsas məqsədi intellektual oyunlar hərəkatını genişləndirmək, gənclərin asudə vaxtının səmərəli təşkilinə nail olmaq, onların intellektual potensialını üzə çıxarmaq, təhsildə yeni uğurlarına yol açmaqdır.

Təşkilat komitəsindən -a verilən məlumata görə, festivalda ölkənin 15 şəhərindən 70 komanda iştirak edib. Festivalın ilk günündə “Nə? Harada? Nə zaman?” oyunu üzrə yarış baş tutub.

Bu yarışda hamıdan güclü olan “Avanqard” komandası rəqiblərini qabaqlayaraq turnirin çempionu adını qazanıb. İkinci yeri “Diplomat” komandası tutub. “Vendetta” komandası isə üçüncü olub. Bu yarışa paralel təşkil olunan Regionlar Kubokunda isə Gəncə komandası ilk yerə sahib olub.  

“Nə? Harada? Nə zaman?” oyununun nəticələrinə görə, ən güclü səkkiz komanda və regionları təmsil edən ən güclü dörd komanda növbəti gün “Breyn Rinq” oyunu üzrə tunirdə qüvvələrini sınayıblar. Bu yarışda hamıdan güclü “Diplomat” komandası olub. “Hit” komandası ikinci, “Vendetta” üçüncü yerə layiq görülüb. Şabran şəhərinin eyni adlı komandası isə dördüncü olub. 

Xatırladaq ki, “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə IV Ağıl Oyunları Festivalı final və iki seçim turundan ibarət olub. Çempionatda Bakı, Abşeron, Quba, Şamaxı, Şəki, Gəncə, Mingəçevir, Qazax, Naxçıvan, Lənkəran, Şəmkir, Şabran, Biləsuvar, İsmayıllı və Beyləqan şəhərlərindən komandalar iştirak ediblər.

0
29