XİN: Beynəlxalq ictimaiyyət Qarabağda mövcud status-kvonun qəbuledilməz olduğunu təsdiqləyir

XİN: Beynəlxalq ictimaiyyət Qarabağda mövcud status-kvonun qəbuledilməz olduğunu təsdiqləyir

Məmmədyarov və Siyarto görüş keçirib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.

Azərbaycan XİN-dən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Macarıstan arasında siyasi dialoqun inkişaf səviyyəsindən məmnunluq ifadə olunub və iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyi vurğulanıb.

Nazir E.Məmmədyarov Bakıda keçirilən Azərbaycan və Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclasının iqtisadiyyat, nəqliyyat, enerji, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları, kənd-təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün əlverişli imkanlar yaratdığını qeyd edib.

Peter Siyarto Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə və idman yarışlarına yüksək səviyyədə ev sahibliyi etdiyini deyərək bu xüsusda Birinci Avropa Oyunları, “Formula-1” Avropa Qran Prisi və qarşıdan gələn İslam Həmrəylik Oyunlarını qeyd edib. 

O, iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri kimi Bakıda keçirilən 6-cı iclasından məmnunluğunu ifadə edərək, iclas əsnasında qarşılıqlı maraq doğuran sahələr üzrə praktiki əməkdaşlıq layihələrinin müzakirə edildiyini bildirib. Macarıstan şirkətlərinin Azərbaycandan olan tərəf müqabilləri ilə əməkdaşlıqda maraqlı olduqlarını deyib. 

E.Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə strateji tərəfdaşlıq əlaqələrinin inkişafına göstərdiyi dəstəyə görə Macarıstana təşəkkürünü bildirib və bunun təqdir edildiyini diqqətə çatdırıb.

O, Azərbaycanın iştirakı ilə həyata keçirilən irimiqyaslı nəqliyyat və enerji layihələri, o cümlədən Şimal-Cənub, Şərq- Qərb nəqliyyat dəhlizi və TANAP/TAP-ın icrası haqqında ətraflı məlumat verib.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E.Məmmədyarov bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu qəbul etdiklərini bildirib.

Görüş əsnasında Azərbaycan və Macarıstanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı və bir-birini dəstəkləməsinin vacibliyi qeyd edilib. Peter Siyarto BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2017-2019-cu illərdə üzvlüyünə seçilməsi münasibətilə Azərbaycanı təbrik edib.

Görüşdə beynəlxalq gündəlikdə duran məsələlər, Avropa İttifaqı daxilində cərəyan edən proseslər ətrafında fikir mübadiləsi aparılıb.

0
14