Zaqatala xəstəxanasında faciə — YENİLƏNİB + VİDEO

Zaqatala xəstəxanasında faciə — YENİLƏNİB + VİDEO

Baş həkim hadisəyə münasibət bildirib.

Zaqatala Rayon Mərkəzi Xəstəxanası əməliyyatdan sonra dünyasını dəyişən uşaq barəsində yayılan xəbərlərə münasibət bildirib.

Xəstəxananın baş həkimi Leyla Seyidəhmədova Oxu.Az-a faktı təsdiqləyərək bildirib ki, belə bir hadisə iyunun 24-də baş verib.

Onun sözlərinə görə, iyunun 22-si saat 17:40 radələrində valideyinləri uşağı xəstəxanaya gətirib:

“Uşaqda kəskin qarın əlamətləri olub. Körpə xəstəxanada müayinə edilib, xəstəyə bağırsaq keçirməzliyi, bağırsaq imoqenaziyası diaqnozu qoyulub. Yüksək riskləri nəzərə alaraq uşağın valideyinlərinə bildirilib ki, əməliyyat çox ağırdır. Bununla əlaqədar onlardan yazılı razılıq alınıb. Növbəti gün uşaq əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb.

Həkimlərin səylərinə baxmayaraq, əmliyyatdan sonrası gün, iyunun 24-ü uşaq tənəffüz çatışmazlığından vəfat edib”. 

Baş həkim bildirib ki, uşağın valideyinləri ilə həkimlər arasında mübahisə düşüb, hətta xəstəxanaya polis çağrılıb.

“Onlar həkimlərə qarşı nalayiq ifadələrdən istifadə ediblər”, - deyə L.Seyidəhmədova qeyd edib.

O həmçinin həkimlərin xəstəxanadan qaçdığı barədə yayılan məlumatları təkzib edib.

25.06.2016

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında altı aylıq uşaq həkim səhlənkarlığı səbəbindən dünyasını dəyişib.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, uşağın vəziyyəti ağır olduğundan valideynləri onu Bakıya gətirmək istəyiblər. Lakin həkim buna ehtiyacın olmadığını deyib.

İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Nəticədə uşaq dünyasını dəyişib.

Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Xəstəxanaya polis əməkdaşları cəlb olunub. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan qeyd ediblər ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.

“Səlim Laçınov iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib”, - deyə xəstəxana işçisi əlavə edib.

0
13