“Sənə yar, səndən yar, şikayətim var” təcrübəsinə son qoyulur – CƏRİMƏ

“Sənə yar, səndən yar, şikayətim var” təcrübəsinə son qoyulur – CƏRİMƏ

Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması artıq inzibati xətadır.

İnzibati Xətalar Məcəlləsinə “Vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulması” adlı yeni maddə əlavə edilmişdir. Bundan sonra vətəndaşların müraciətlərinin aidiyyəti üzrə baxılması üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərilməsi inzibati xətadır və buna görə vəzifəli şəxslərə xəbərdarlıq edilə və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilə bilərlər.

Hüquqşünas Oktay Məhərrəmov dəyişikliyi şərh edərkən Oxu.Az-a bildirib ki, vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağası həm 1997-ci il tarixli “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanunla həm də onu əvəz etmiş 2015-ci il tarixli “Vətəndaşların müraciətləri haqqında” Qanunla qadağan edilmişdir. Lakin bu bir həqiqət idi ki, əksər hallarda dövlət orqanlarına və ya onların vəzifəli şəxslərinə edilmiş müraciətlərə formal cavab yazılmaqla, müraciətdə narazılıq ifadə edilən təşkilata yönləndirilir və məsələ kağız üzərində “bağlanır”, lakin əməli olaraq həllini tapmırdı. 

Bu formal təcrübə ümumi və oturuşmuş şəkil almışdır. Son dəyişikliyə qədər müraciətlərin belə “yola verilməsi”nə görə inzibati məsuliyyətin olmaması da bunun üçün şərait yaradan amillərdən biri idi. Bundan sonra əgər sizin müraciət şikayət etdiyiniz müraciətlərə baxmaq və qərar qəbul etmək səlahiyyəti olan dövlət və bələdiyyə orqanları, dövlət və ya bələdiyyə hüquqi şəxsləri və büdcə təşkilatlarına göndərilərsə prokurorluq orqanlarına müraciət etməklə inzbati xəta üzrə icraatın başlanmasını və təqsirkarın cəzalandırılmasını xahiş edə bilərsiniz.

Bununla belə nəzərə almaq lazımdır ki, müraciətdə irəli sürülən məsələlərin həlli başqa orqanın səlahiyyətinə aid olduqda, müraciətiniz aidiyyəti üzrə göndərilməli və bu barədə sizə məlumat verilməlidir. Müraciəti aidiyyəti üzrə göndərmək mümkün olmadıqda vətəndaşa qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Bu tələblərə riayət edildiyi təqdirdə məsuliyyət tədbirindən söhbət getməməlidir.

Yeni qanunla müraciətin qəbul edilməməsinə, vətəndaşların qəbulunun mövcud tələblərə uyğun olaraq təşkil edilməməsinə, dövlət orqanlarının və vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşın təqib edilməsinə görə də məsuliyyət müəyyən edilmişdir. 

Bu əməllərə görə də vəzifəli şəxslərə xəbərdarlıq edilə və ya onlar yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilə bilər.

0
44