Bakıda satışa çıxarılan 700 kq at əti zərərsizləşdirildi - FOTO

Bakıda satışa çıxarılan 700 kq at əti zərərsizləşdirildi - FOTO

Dövlət Xidməti məlumat yaydı.

İnsan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirlər çərçıvəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) və müvafiq dövlət qurumları əlaqəli nəzarəti tədbirləri davam etdirir.

Bu barədə Xidmətdən Oxu.Az-a bildirilib.

"Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən əməliyyat məlumatları əsasında Qaradağ rayonu ərazisində saxlanılan Süleymanov Faiq Qərib oğlunun idarə etdiyi avtomobildə Bərdədən Bakı şəhərinə satış üçün gətirilən zaman aşkar edilib, mənşəyinə və keyfiyyətinə dair heç bir baytarlıq sənədi olmayan 700 kq-a yaxın sümüksüz ətlərin müayinəsi Respublika Baytarlıq Laboratoriyasında aparılıb.

Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız və at əti olması müəyyən edilib.

Həmçinin Xidmətin Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən baytarlıq nəzarəti həyata keçirilərkən Masazır kəndinin "Qurtuluş" yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub", - deyə Xidmətdən qeyd edilib.

Xidmətdən bildirilib ki, baytarlıq qanunvericiliyinə uyğun olaraq bu məhsullardan götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinədən keçirilib.

"Müayinə zamanı 1000 kq-a yaxın sümüksüz ətin, farşın və toyuq məsullarının bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən tamamilə yararsız olması müəyyən edilib.

Laboratoriya müayinələrinin nəticəsinə uyğun olaraq həm Qaradağ rayon ərazisində saxlanılan Süleymanov Faiq Qərib oğlunun idarə etdiyi avtomobildə Bərdədən Bakı şəhərinə satış üçün gətirilən zaman aşkar edilən, sümüksüz at ətinin, həm də Masazır kəndinin "Qurtuluş" yaşayış massivinin yaxınlığında yerləşən fiziki şəxs Sahib Böyükağa oğlu Şirinova məxsus kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında aşkar olunan bakterioloji çirklənməyə, baytarlıq-sanitariya cəhətdən yararsız olan ət və ət məhsullarının Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib", - deyə Dövlət Xidmətindən qeyd edilib.

Xidmət həmçinin xəbərdarlıq edib ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.

0
21
Bot