“Qəbələ” əcnəbi futbolçu üçün 40 min avro ödədi

“Qəbələ” əcnəbi futbolçu üçün 40 min avro ödədi

Yay fasiləsində heyətində dəyişikliklər edən “Qəbələ” növbəti transferini həyata keçirib. Apasport.az-ın leparisien.fr saytına istinadən məlumatına görə, “qırmızı-qaralar” Nika Kvekveskiri, Filip Ozobiç və Teo Uiks Luisin ardınca daha bir əcnəbi futbolçu ilə anlaşıblar.

Söhbət fransalı hücumçu Baqali Dabodan gedir. “Qəbələ” 28 yaşlı futbolçunu Fransanın “Kretey” klubundan transfer edib.

“Qəbələ”nin Dabo ilə dünən axşam rəsmi müqavilə imzaladığı bildirilir. Razılaşmaya əsasən, təcrübəli forvard qarşıdakı 2 il ərzində bölgə təmsilçisinin formasını geyinəcək.

Məlumatda “Qəbələ”nin bu keçidə görə “Kretey” klubuna 40 min avro ödədiyi də qeyd olunub.

Karyerası ərzində “İvri” və “İstres” klublarının da formasını geyinmiş Dabo 2014-cü ildən “Kretey”in uğurları üçün çalışırdı. 180 sm boya malik olan hücumçu “Loryan”ın yetirməsidi.

Qeyd edək ki, yay fasiləsində Samir Zərgərov, Arif Daşdəmirov, Luis Hilario Dodo, Vadim Abdullayev, Ermin Zets, Aleksey Qay, Ruslan Abışov, Pavel Paşayev və Andrey Popoviçlə yolları ayıran “Qəbələ” Dmitri Bezotosnı, Rəşad Sadiqov, Asif Məmmədov və David Petrzkeviçlə yeni müqavilə bağlayıb.

0
19