Azərbaycandakı yəhudi icmalarından dəstək

Azərbaycandakı yəhudi icmalarından dəstək

"Ümidvarıq ki, bu, qaçqınların doğma yurdlarına qayıtması ilə nəticələnəcək".

Azərbaycandakı yəhudi icmaları bəyanat yayıb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda deyilir:

"Azərbaycan Respublikasındakı yəhudi icmaları erməni silahlı birləşmələrilə qısamüddətli döyüşdə ona güclü zərbə endirmiş Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatı münasibətilə dərin məmnunluq hissini bildirir.

Ümummilli lider Heydər Əliyev tərəfindən yaradılan və ərsəyə gətirilən Azərbaycan Respublikası Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda həlledici faktor olduğunu göstərdi. Münaqişənin gedişində ölkə rəhbərliyinin müasir reallığı nəzərə almaqla dəqiq, ölçülüb-biçilmiş və qəti hərəkətləri, habelə bizim hörmətli Prezident və Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin gücləndirilməsi istiqamətində uzun illərdən bəri böyük zəhmətlə aparılan iş dünyaya bir daha göstərdi ki, Azərbaycan müvəqqəti olaraq qəsb edilmiş torpaqlarını geri qaytarmaq, regionda möhkəm və ədalətli sülh yaratmaq üçün kifayət qədər resurs və iradəyə malikdir.

Əsrlər boyu Azərbaycanda yaşayan yəhudi icmaları hər zaman özlərini vahid Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi hesab ediblər. Ortaq kədərimiz, sevincimiz və böyük nailiyyətlərimiz dostluğumuzu və əməkdaşlığımızı daha da möhkəmləndirib. Azərbaycan xalqının kədəri bizim hər birimizin qəlbinə yaxın olduğu üçün oğul və qızlarımız Vətən uğrunda canlarından keçiblər.

Yəhudilər Azərbaycanda yaşayan bütün xalqlarla çiyin-çiyinə dövlətimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda erməni təcavüzünə qarşı cəsarətlə vuruşublar. Dağlıq Qarabağda döyüş meydanlarında yəhudi icmalarının da nümayəndələri canlarından keçiblər.

Onların sırasında Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov, Xanin və başqalarının xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır. Azərbaycanın yəhudi vətəndaşları əvvəllər olduğu kimi bu gün də tam və qəti qələbə çalmaq üçün Vətənimizin bayrağı altında durmağa hazırdırlar.

Azərbaycanın yəhudi icmaları qəti əmindir ki, 2016-cı ilin aprel hadisələri Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ciddi danışıqların başlanğıcına səbəb olacaq. Ümidvarıq ki, bu danışıqlar işğal edilmiş torpaqların tez və effektiv boşaldılması və yüz minlərlə qaçqının doğma yurdlarına qayıtması ilə nəticələnəcək".

E.Ə.

0
11
Bot