Britaniyadakı referendumun nəticələri maliyyə bazarlarına təsir göstərib

Britaniyadakı referendumun nəticələri maliyyə bazarlarına təsir göstərib

Qızılın dəyərində kəskin artım müşahidə olunub.

Böyük Britaniyada ölkənin Avropa İttifaqında (Aİ) qalıb-qalmaması ilə bağlı keçirilən referendumun nəticələri qeyri-müəyyənlik yaradaraq, dünya maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan Oxu.Az-a bildirilib ki, bu ilk növbədə özünü qlobal səhm və valyuta bazarlarında göstərib. 

Belə ki, bütün əsas səhm indeksləri 5 faizdən artıq düşüb, ingilis funt sterlinqi və avronun məzənnəsi müvafiq olaraq təqribən 10 faiz və 3 faiz enib. Təbii ki, belə kəskin dəyişikliklər bütün investisiya fondlarının və bankların portfellərinə mənfi təsir göstərib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) hazırda səhm yatırımları ümumi vəsaitlərin təxminən 10 faizə qədərini təşkil edir. Digər 90 faiz isə sabit gəlirli qiymətli kağızlarda, daşınmaz əmlakda və qızılda yerləşdirilib ki, bu aktivlərin dəyəri sabit qalıb və hətta qızılın dəyərində kəskin artım müşahidə olunub.

Nəhayət valyuta məzənnələrindəki qısamüddətli dəyişkənlikdən yaranan fərqə gəldikdə, ARDNF-in portfelinin aktivlər üzrə olduğu kimi müxtəlif valyutalar üzrə də diversifikasiya olması bu dəyişkənliyin son nəticədə portfelə nə zərər, nə də mənfəət mənbəyi olaraq hesab olunmur və gəlirliliyin hesablanmasında da nəzərə alınmır.

ARDNF-in istər maliyyə alətləri, istərsə də valyutalar üzrə yüksək diversifikasiyası onun hazırkı investisiya portfelinin qorunmasına şərait yaradır.

0
19