Şəhid mayorun atası: O biri 3 oğlum da vətənə qurbandır – FOTO

Şəhid mayorun atası: O biri 3 oğlum da vətənə qurbandır – FOTO

"İstənilən zaman Qarabağı ala bilərik".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı Əbdül Məmmədovun oğlu, mayor Rasim Məmmədov cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə şəhid olub.

Oxu.Az xəbər verir ki, Şəhid Rasim Məmmədovun atası Əbdül Məmmədov Modern.az-a açıqlamasında şəhid oğlu ilə bağlı xatirələrini bölüşüb. O, lazım gələrsə, digər övladlarının da döyüşə gedəcəyini istisna etməyib.

"4 oğlum var. Rasim vətən yolunda şəhid oldu. Lazım olsa, o biri oğlanlarım da vətən yolunda xidmət edəcəklər. Yenidən müharibə olarsa, digər oğlanlarımın müharibəyə getməsinə ısla mane olmaram. Birincisi şəhid evdən olmur, eldən olur.

Rasim mənim oğlum olsa da, o, elin övladı, elin oğlu idi. Naxçıvanda oğlumun qarşılanma mərasiminə baxsaydınız, görərdiniz ki, o, təkcə Əbdülün oğlu kimi deyil, Azərbaycan övladı kimi qarşılandı".

Əbdül Məmmədov oğlu Rasimin hərb sahəsinə olan sevgisindən də söz açıb.

"Özüm də birinci qrup Qarabağ əliliyəm. 23 ildir ki, yataqdayam. Hərb yolunu oğlum özü seçib. Hər gün övladlarına da, ailəsinə də deyirdi:

"Mən mütləq şəhid olacağam". Oğlum öz gücü, bacarığı sayəsində mayor rütbəsinə qədər yüksəlmişdi. Tabor komandiri idi. Aldığım məlumata görə, sonuncu döyüşdə hərbçilərimiz qəhrəmancasına döyüşüb".

Əbdül Məmmədov hər bir azərbaycanlıda ruh yüksəkliyinin olduğunu da vurğulayıb.

"Əslində, ruh yüksəkliyinin olmağı yaxşıdır. Dəfn mərasimində şəhidi qarşılama göstərdi ki, bizim xalqımızda ruh var. İstənilən zaman Qarabağı ala bilərik.

Eşitdiyimə görə, oğlumun da döyüşdüyü vaxt 70 km ərazini nəzarət altında saxlayan yüksəklik işğaldan azad olundu. Belə bir halda mənə elə gəlir ki, dayanmağın mənası yoxdur. Müharibənin başlaması siyasətdir. Bu, təkcə dövlət başçısından asılı olan məsələ deyil. Biz kiçik dövlətik.

Düşünürəm ki, hər halda başladığımız müharibəyə davam etsəydik, daha yaxşı olardı. Eyni zamanda, vətənpərvərlik insanın içində olmalıdır.

Bizim ailəmizdə bir növ bu tendensiyadır. Atam da İkinci Dünya Müharibəsində birinci qrup əlil olub. Özümüz ailədə 5 qardaşıq. Döyüşlərdə iştirak etmişik. Məndən başqa 4 qardaşım Naxçıvan ərazisinin bütövlüyü uğrunda ermənilərə qarşı döyüşlərdə iştirak ediblər".

0
34
Bot