Hikmət Hacıyev Ermənistan XİN-nə sərt cavab verdi

Hikmət Hacıyev Ermənistan XİN-nə sərt cavab verdi

"İşğalçı tərəf kimi Ermənistanın məsuliyyəti təsbit olunub".

Beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq, Azərbaycana qarşı güc tətbiq edərək ərazilərini işğal edən tərəf Ermənistan Respublikasıdır. İşğal edilmiş ərazilərdə qanunsuz olaraq, Ermənistan silahlı qüvvələri mövcuddur.

Oxu.Az-ın xəbərinə görə, bunu Ermənistan XİN-nin rəsmilərinin qondarma rejimin guya danışıqlar prosesinin tərəfi olması barəsində səsləndirdiyi fikirlərə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Münaqişə ilə əlaqədar qəbul edilmiş digər beynəlxalq sənədlərdə olduğu kimi, 16 iyun 2015-ci il tarixində Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının "Çıraqov və digərləri Ermənistana qarşı" işi ilə bağlı qərarında da işğalçı tərəf kimi Ermənistanın məsuliyyəti bir daha təsbit olunub.

Qərarda deyilir:

"Ermənistan Respublikası özünün hərbi mövcudluğu, hərbi ləvazimat və təcrübə təmin etməklə əsaslı şəkildə ən erkən günlərdən etibarən Dağlıq Qarabağ münaqişəsinə cəlb olunub", "onun hərbi dəstəyi sözügedən ərazilərin ələ keçirilməsi və onlar üzərində nəzarətin davam etdirilməsində həlledici amil olub və olmaqda davam edir. Nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətraf ərazilər, o cümlədən Laçın rayonu üzərində effektiv nəzarəti həyata keçirir".

Ermənistan Azərbaycana qarşı törətdiyi təcavüz və işğalını ört-basdır etmək və beynəlxalq ictimaiyyəti aldatmaq üçün işğal edilmiş ərazilərdə qondarma rejim yaradıb.

5 aprel tarixində atəşkəs barədə razılıq da münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında əldə edilib. İndiyə qədər də işğalçı dövlət olaraq, məsuliyyət daşıyan tərəf kimi danışıqlar prosesində Ermənistan Respublikası iştirak edib və bundan sonra da belə olacaqdır.

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları vardır və rəsmi Bakı həmişə bu icmalar arasında təmasların yaradılmasının tərəfdarı olub", - deyə H.Hacıyev bildirib.

0
23
Bot