Lənkəranda Nizaminin heykəlini götürdülər – FOTO

Lənkəranda Nizaminin heykəlini götürdülər – FOTO

Yerində şadlıq sarayı tikiləcək.

Lənkəranda dövlət tərəfindən tarixi memarlıq abidəsi kimi mühafizə edilən Nizami Gəncəvinin heykəlini götürüblər və onun adını daşıyan binanı sökürlər.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə “Qəsr” mədəni irs və tarixi abidələrin mühafizəsi İctimai Birliyinin rəhbəri Fəxrəddin Gözəlov bildirib. 

Onun sözlərinə görə, tarixi binanın sökülməsi və abidənin götürülməsi üzrə işləri “Neon-111” MMC aparır. 

“Hazırda sökülən Nizami adına kinoteatr 2001-ci ilin avqustun 2-də Nazirlər Kabinetinin №132 qərarı ilə dövlət mühafizəsi altına alınıb, binaya 4792 inventar nömrəsi verilib. Heç bir hüquqi sənəd olmadan “Neon” MMC binanı sökür və yerində şadlıq sarayı tikməyi planlaşdırır. Nizami Gəncəvinin kinoteatrın qarşısındakı heykəli artıq götürülüb”, - F.Gözəlov deyib. 

Baş verənləri araşdırmaq üçün F.Gözəlov rayon İcra Hakimiyyətinə sorğu göndərib. Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşev F.Gözəlova ünvanlanmış məktubunda bildirib ki, kinoteatrın binası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən hərraca çıxarılıb və “Neon-111” MMC tərəfindən alınıb. 

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rayon İcra Hakimiyyətinə müraciətindən sonra kinoteatrın sökülməsi işləri dayandırılıb. Amma təşkilatımız tərəfindən aparılan monitorinqdən sonra “Neon-111” MMC işinə davam etdiyi aşkar olub. Təqsirkarlar cəzalandırılmalıdırlar”, - “Qəsr” İctimai Birliyinin rəhbəri F.Gözəlov deyib. 

0
26