Rio Olimpiadasına 2 lisenziyamız ləğv olundu

Rio Olimpiadasına 2 lisenziyamız ləğv olundu

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (İWF) Tbilisidə baş tutan toplantısında bir sıra mühüm qərarlar qəbul olunub.

Apasport.az saytının məlumatına görə, qurumun dünən keçirilən iclasında xüsusilə son günlər yaşanan dopinq qalmaqalları müzakirə edilib.

Yasaqlı maddələrin istifadəsinə qarşı hər zaman güzəştsiz mövqe tutan İWF bu dəfə də qanunsuzluğa yol vermiş ölkələr haqında müəyyən cəza tədbirləri görüb.

Azərbaycanın da arasında olduğu bir sıra ölkələrin bu idman növü üzrə Rio Olimpiadasına lisenziyaları ləğv edilib.

Belə ki, qurum millimizin 2 (bir qadın, bir kişi) lisenziyasını ləğv etməyə qərar verib.

Buna səbəb Elxan Əliquluzadə, Silviya Angelova, Firudin Quliyev, Valentin Xristov, Dadaş Dadaşbəyli və İntiqam Zairovun orqanizmində istifadəsi qadağan preparat aşkarlanmasıdır.

Ölkəmiz məhz bu idmançıların hesabına ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 16-cı yeri tutaraq, Rioya 4 lisenziya əldə etmişdi. Lakin artıq Beynəlxalq Ağırlıqqaldırma Federasiyası 6 atletimizin nəticəsini rəsmən ləğv edib.

Qeyd edək ki, Əliquluzadə, Angelova, Quliyev, Valentin və Zairov 8 il müddətinə diskvalifikasiya olunub. Onların cəzaları 2023-cü ilin dekabrında yekunlaşacaq. Dadaş Dadaşbəyli isə 4 illik cəzaya məruz qalıb. Onun cəza müddəti isə 2019-cu ilin dekabrınadək nəzərdə tutulub.

0
9