Taavi Roivas: Münaqişələrin həllini daim diqqətdə saxlamalıyıq

Taavi Roivas: Münaqişələrin həllini daim diqqətdə saxlamalıyıq

O, Assambleya üzvlərinin suallarını cavablandırıb.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında hazırda AŞ Nazirlər Komitəsinə sədrlik edən Estoniyanın baş naziri Taavi Roivas çıxış edib.

Daha sonra o, Assambleya üzvlərinin suallarını cavablandırıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva həlli uzanan münaqişələrlə bağlı sual ünvanlayıb:

“Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələr uzun illərdir həllini tapmır. Bunun əsas səbəblərindən biri beynəlxalq təşkilatların bu münaqişələrlə bağlı qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsidir. Sizcə, bu qərarların yerinə yetirilməsi üçün daha nələr edilməlidir, hansı mexanizmlərə əl atılmalıdır?

T. Roivas cavabında münaqişələrin daim diqqətdə saxlanılması və onlar üzərində işlərin davam etdirilməsini zəruri saydığını bildirib:

“Biz bu məsələni əvvəllər müzakirə etmişik. Əgər biz hansısa qətnamə qəbul etmişik və razılıq əldə etmişiksə, indi bu razılıqlara əməl edərək onların üzərində işləməliyik. Əminəm ki, hazırkı məqamda bu məsələlərin hər hansı möcüzəli həlli yolu yoxdur. Biz sadəcə, əvvəllər əldə etdiyimiz razılıqlara əməl etməliyik və bu, fikrimcə, hazırda ən yaxşı variantdır, məsələyə yararlı bir yanaşmadır.

Hamımız istəyərdik ki, bütün münaqişələr dayandırılsın və hesab edirəm ki, parlamentarilərin edə biləcəyi işlərdən biri bu kimi məsələləri, onların həlli yolları tapılana kimi daim gündəlikdə saxlamaq və onlar üzərində işləri davam etdirməkdir”.

0
19