Hansı dondurma uşaqlara ziyandır?

Hansı dondurma uşaqlara ziyandır?

Həkimlər isə uşaqları sevdiyi qidadan məhrum etməyi məsləhət görmür.

Artıq yay fəslini yaşayırıq. İsti, günəşli günlərdə sərinləmək üçün yeyilən dondurma 7-dən 77-ə hər kəsin sevimli qidasıdır. Dondurmanın xeyri və zərərləri haqqında nə qədər danışılsa da, heç kim bu soyuq və dadlı təamdan vaz keçmir. O ki qaldı uşaqlara, dondurma sevməyənini tapa bilməzsiniz. Valideynlərin çoxu soyuq olması baxımından övladlarına məhdudiyyət qoysalar da, dondurmaya tam qadağa qoymaq mümkün olmur. Bəs görəsən, həqiqətənmi dondurma uşaqlara zərərlidir? Balalarımızın sağlamlığına ziyan gəlməməsi üçün onlara hansı dondurmanı vermək olmaz?

Oxu.Az xəbər verir ki, Aile lent.az bununla bağlı pediatr Vaqif Qarayevin fikirlərini öyrənib. Həkim ilk növbədə uşaqlara ucuz dondurma verməyi məsləhət görmür. Çünki ucuz məhsul keyfiyyətsiz olur, üstəlik, uzun müddət qalması üçün buzlandırılan dondurma uşaqların xəstələnməsinə səbəb olur:

“Əsasən meyvəli dondurmalara üstünlük vermək lazımdır. Çünki faydalıdır. Lakin çox zaman bu cür keyfiyyətli dondurmalar baha olur və valideynlərin büdcəsinə uyğun gəlmir. Bütün hallarda uşaqlara dondurma otaq temperaturunda verilsə, yaxşıdır. Xüsusən, tez-tez xəstələnən və məktəbəqədər yaşda olan uşaqlara dondurma vermək mövzusunda ehtiyatlı olmaq lazımdır. Soyuq dondurma angina yaradır. Bir neçə angina epizodu isə revmatizmi qaçılmaz edir”.

Dietoloq Tutu Zeynalova da uşaqları sevdiyi qidadan məhrum etməyi məsləhət görmür. Gün ərzində 100 qramı keçməmək şərtilə dondurmanın dadına baxa bilərlər:

“Valideynlər uşaqlara daha çox soyuqdəyməyə görə dondurma yeməyə qadağa qoyurlar. Lakin həkimlər tərəfindən “uşaqlar dondurma yeməsin”, - deyə göstəriş yoxdur. Hər uşaq eyni deyil. Elə uşaqlar var ki, immun sistemi zəifdir, tez-tez soyuq dəyir, soyuğa həssasdırlar, ona görə də onlara daha az dondurma yemək tövsiyə edirik. Lakin indi tibb inkişaf edib. Hətta boğaz əti kəsildikdən dərhal sonra soyuducu effekt üçün dondurma verirlər”.

Valideynlərə ev şəraitində hazırlanan dondurma resepti təqdim edirik:

Ərzaqlar:

- 4 ədəd yumurta
- 1 paket toz tort kremi (sadə)
- 1 stəkanı şəkər tozu
- 1 stəkan yarım süd

Hazırlanması:

4 ədəd yumurta sarısı və ağını ayrı-ayrı qablarda qarışdırılır. Yumurta sarısına 1 stəkan şəkər tozu əlavə edilir və yenidən qarışdırılır. Digər qabda 1 stəkan yarım südə toz kremi əlavə edilir və qarışdırılır. Sonra hazırladığımız bütün vəsaitləri birləşdirin və 3-4 dəqiqə də çırpın. Daha sonra soyuducunun buzluğuna qoyun. Ürəyiniz istəyən zaman yeyə bilərsiniz!

A.S.

0
17