Yunker: Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

Yunker: Rusiyaya qarşı sanksiyaların müddəti uzadılacaq

“Biz Minsk sazişlərinin yerinə yetirilməsində irəliləyişin olub-olmaması ilə bağlı monitorinqi davam etdirəcəyik”.

“Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların uzadılması məsələsi həll edildi, amma yarım il müddətində sanksiya rejimi zəifləyə bilər”. 

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə “Euronews”a verdiyi müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker bəyan edib. 

“Hazırda tamamən aydındır ki, iyunda sanksiyaların müddətini uzadacağıq. Amma növbəti altı ay ərzində sanksiyaların ləğv edilməsi üçün Minsk sazişlərinin yerinə yetirilməsində yetərincə irəliləyiş olub-olmadığını anlamaq üçün monitorinqi davam etdirəcəyik”, - deyə Yunker bildirib. 

Bununla yanaşı, Avropa Komissiyasının rəhbəri sanksiyaların yumşaldılmasını Minsk sazişlərinin yerinə yetirilməsi ilə əlaqələndirib. 

“Başqa sözlə desək, Minsk protokolunun müddəaları yerinə yetirildikcə, sanksiyalar azalacaq”, - o qeyd edib. 

Avropa İttifaqının Rusiyaya qarşı sanksiya siyasəti üç müxtəlif istiqamətdə; Rusiya vətəndaşlarına qarşı viza məhdudiyyəti, iqtisadi – Rusiyanın bir sıra dövlət neft, müdafiə və maliyyə sektoru şirkətlərinə qarşı, eləcə də Krıma qarşı məhdudiyyət tədbirlərindən ibarətdir.

2014-cü ilin martından bir sıra ölkələr Rusiyaya qarşı məhdudiyyətlər tətbiq etməyə başlayıblar. Onlar öz qərarlarını Ukraynanın şərqində və Krımın işğalı ilə izah edirlər. Onların ləğv edilməsini isə Minsk razılaşmalarının yerinə yetirilməsi ilə əlaqələndiriblər. Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarının müddəti bu ilin iyulun 31-də başa çatır.

0
17