Azərbaycanlı aktyorun səhhəti ağırlaşıb

Azərbaycanlı aktyorun səhhəti ağırlaşıb

“Allahın ümidinə qalmışam”.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhətində ciddi problemlər yaranıb. 

Oxu.Az xəbər verir ki, aktyor Report-a açıqlamasında böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkdiyini bildirib.

O qeyd edib ki, böyrəklərində yaranan problemlə bağlı bir müddət əvvəl xəstəxanada müalicə olunub. Həkimlər aktyora böyrək çatışmazlığı diaqnozu qoyublar. 

R.Rəhimov bildirib ki, xəstəxanada müalicə almasına baxmayaraq, vəziyyəti yenidən ağırlaşıb:

“Xəstəxanadan çıxdıqdan sonra da müalicəm davam edir. Sonuncu həkim müayinəsi zamanı məlum oldu ki, böyrəklərimin fəaliyyəti 29 faizə düşüb. Bir ay əvvəl bu göstərici 35 faiz idi. Günü-gündən böyrəklərimin fəaliyyəti zəifləyir. 

Həkimlər deyirlər ki, dializə girmədən təcili böyrək köçürülmə əməliyyatı aparılmalıdır. Bu əməliyyat isə xeyli pul tələb edir. Heç bilmirəm necə olacaq. Ailə üzvlərimin hər biri yoxlanılıb. Təəssüf ki, heç biri donor ola bilməz.

Təkcə atam böyrəyini mənə verə bilər. O, da bir zamanlar ağır xəstəlik keçirib. Ona görə də atamın böyrəyinin mənə köşürülməsi mümkün deyil. Allahın ümidinə qalmışam”.

Xatırladaq ki, Rəhim Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşaların rejissoru fakültəsinə daxil olub. 2001-ci ildə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistraturasını bitirib.

1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir.  

A.S.

0
16