“O, ruh düşkünlüyünə qapılan xalqı mübarizəyə səslədi” - Təəssürat

“O, ruh düşkünlüyünə qapılan xalqı mübarizəyə səslədi” - Təəssürat

Millət vəkili Qənirə Paşayeva və millət vəkili "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı I Dünya müharibəsinin sonlarında möhtəşəm Qafqaz İslam Ordusunu formalaşdıran Nuru Paşanın məzarını ziyarət ediblər.

Lent.az-ın məlumatına görə, Nuru Paşanın məzarını ziyarət edən millət vəkilləri öz təəssüratlarını bölüşüblər.

1914-cü ildə Türk dünyasının dərdlərinə tərcüman olan İsmayıl bəy Qaspralının ölüm xəbəri Bakıya da gəlib çatdı. Qəzetlər nekroloq çap etdi, məktəblərin binası üzərinə qara haşiyə çəkildi, dövrün qələm sahibləri bu münəvvər şəxsiyyətlə bağlı xatirələrini qələmə aldı. Rusiya müsəlmanlarının mənəvi atasının ölümünü Nəriman Nərimanov da təəssüflə qarşılayıb, həcmcə kiçik, ancaq dərin mənalı bir məqalə yazdı. Yazdı ki, İsmayıl bəy varlığını millət yolunda fəda etdi, cismən aramızdan köçdü. İndi bizim bu böyük şəxsiyyətin ruhu qarşısında bircə borcumuz var. O borc da ki, İsmayıl bəyə xidmətləri müqabilində qəbirüstü abidə ucaltmaq, məzardaşı qoymaqdır. Bu çağırışa bütün ziyalılar qoşuldu, doktor Nərimanovun təklifinə türk-müsəlman dünyasının hər tərəfindən dəstək gəldi. Və çox keçmədi ki, bu təklif də, onu gündəmə gətirənlər və ona dəstək verənlər də bu məsələni unutdular. İsmayıl bəyin məzarı öz adına layiq olmadı.

***

29 yaşında Azərbaycana gəlib I Dünya müharibəsinin sonlarında möhtəşəm Qafqaz İslam Ordusunu formalaşdıran Nuru Paşa haqqında son dönəmlər çox danışılıb, adının layiq olduğu səviyyədə əbədiləşdirilməsi, Bakıda heykəlinin qoyulması təklifi ən yüksək tribanalardan səsləndirilib. Amma çoxumuzun heç yadına düşməyib ki, bu qəhrəman türk övladının məzarı varmı, qəbri hardadır? Təəssüf ki, Azərbaycan bir tərəfə, heç Türkiyənin özündə də bu sualın dəqiq cavabını verən tapılmırdı. Yalnız onu deyirdilər ki, 1949-cu ildə Sütlücədəki hərbi-silah zavodunun partlatması zamanı 28 nəfərdən biri kimi Nuru Paşanın da cəsədi parçalanıb, tapılmayıb, bu səbəbdən də məzarı yoxdur. Amma Nuru Paşanın həyatını araşdıran və kitab çap etmək üçün faktlar toplayan araşdırmaçı-jurnalist Atilla Oral indiyə qədər sirr pərdəsinə bürünən məzarın yerini göstərdi. Martın 26-da İstanbulda səhər tezdən Ədirnəqapı Şəhidliyində bir məzar axtarırıq. O məzarda uyuyan Nuru Paşa xalqımızın ən çətin günlərində onun güvənc yeri oldu, yenicə qurulan Azərbaycan Cümhuriyyətinə hərbi köməyə gəldi. Bu həmin dönəm idi ki, 1918-ci ilin martın 31-dən aprelin 2-dək Bakıda bolşevik-erməni birləşmələri 18 min dinc əhalini qətlə yetirib, qətliamlar törədirdilər. Bu soyqırımın nəticəsində Şamaxı, Quba, Kürdəmir, Göyçay, Ağdam, Ağsu, Salyan, Neftçala kimi yaşayış yerləri qan dəryasına çevrilib, yüzlərlə kənd yandırılıb talan edilirdi. Canını erməni-bolşevik vəhşətindən qurtaranlar dağlara çəkilib bu qanlı hadisələrin necə bitəcəyini təlaşla gözləyirdi. Azərbaycan Milli Ordusu hələ tam formalaşmadığından, yerli silahlı dəstələrin müqavimət hərəkatı da nəticə vermirdi. Hərbi gərginliyi, ictimai-siyasi vəziyyəti ciddi təhlil edən Cümhuriyyət liderləri bu fəlakətdən Türkiyənin hərbi yardımı olmadan çıxmağın mümkünsüzlüyünü görüb öz qan qardaşlarına üz tutdular. Buna əsasları da vardı. I Dünya müharibəsi başlayanda sonu görünməyən bu savaşda Türkiyənin bir dəstəyi də vardı. Hələ müstəqil olmayan, çar rejiminin basqısı altda yaşayan Azərbaycan və onun Türkiyəyə rəğbətlə yanaşan xalqı Balkan savaşında "Qafqaz könüllü dəstələri" yaradıb gizli yolla Türkiyə tərəfə keçirdi. 1915-ci il Çanaqqala savaşında da bu

qardaş yardımı təkrarlandı. İndi tarixi şərait Türkiyəni eyni cür addım atmağa sövq edirdi. Türkiyənin iki hərbi diviziyasından formalaşdırılan Qafqaz İslam Ordusu 1918-ci ilin mayın sonlarında Qafqaza, qardaş-bacılarını qətliamlardan qorumağa və gənc Azərbaycan Cümhuriyyətinin sərhədlərinin bərpasına tələsirdi. Türkiyənin hərbiyyə naziri Ənvər Paşa Azərbaycana ordu komandanı kimi öz qardaşını göndərdi. 1918-ci ilin martınadək Afrika orduları komandanı Nuru Paşa Qafqaz İslam Ordusu komandanı təlimatıyla Azərbaycana gəldi və torpaqlarımıza qədəm basdı və bu hal xalqın coşqusuyla qarşılandı. O, soyqırımdan, qətliamdan ruh düşkünlüyünə qapılan xalqı türk əsgər və zabitləriylə birgə mübarizəyə səslədi. Minlərlə əli silah tutan azərbaycanlı gənc, yerli hərbi dəstələr, könüllülər və Azərbaycan Milli hərbi qüvvələrinin özəyini təşkil edən Milli Müsəlman Korpusu, "Dikaya Diviziya"nın bəzi bölmələri Qafqaz İslam Ordusunun tərkibində döyüşlərə qatıldı. İstiqlal savaşında Nuru Paşanın komandanlıq etdiyi ordu xalqla birləşdi, Gəncədən başlayan və 1918-ci ilin sentyabrın 15-də Bakının azad olunmasıyla tamamlanan 6 aylıq savaş tariximizin şərəfli səhifəsinə çevrildi. Azərbaycan xalqı Nuru Paşanı çox sevirdi, çünki bu gənc türk generalı ilə öz doğma ana dilində danışırdı, qayğılarını, dərdini ona söyləyirdi. Azadlığın nəşəsini hələ yeni-yeni dadan xalqımız təəssüf ki, 1918-ci ilin noyabrın 17-də yenidən məyus oldu. I Dünya müharibəsində müttəfiqləri ilə birgə Türkiyənin uduzması həm də Azərbaycan Cümhuriyyətinin uduzması idi. Azərbaycan xalqı vaxtilə bağrına basıb gülərüzlə qarşıladığı türk ordusunu indi göz yaşı ilə yola salırdı. Yola salınma mərasimində çöhrəsində qara buludlar dolaşan Nuru Paşa qısa və tarixi bir çıxış etdi: "Azərbaycanın istiqlalı, ərazi bütövlüyü üçün döyüşmək lazım gələrsə, biz buna həmişə hazırıq". Azərbaycanın istiqlalını qorumaq üçün çox qanlar axdı. 1146 türk mehmetciyi, 2000 azərbaycanlı hərbçi, könüllü döyüşçü şəhid oldu. Bu gün də Azərbaycan ərazi bütövlüyü və müstəqilliyinin qorunması yolunda ağır sınaqlardan keçir, döyüşür, şəhid verir. Terroru rəsmən dövlət siyasətinə çevirən Ermənistan Respublikası havadarlarının hərbi dəstəyi sayəsində Dağlıq Qarabağı və ətraf bölgələri işğal altında saxlayır. Aprelin 2-nə keçən gecədən başlayaraq 3 gün davam edən döyüşlər Azərbaycan ordusunun döyüş əzmini, ərazi bütövlüyünün təminində iradəsini və peşəkarlığını ortaya qoydu. Ermənistan ordusunun nəzarət etdiyi hərbi-strateji əhəmiyyət daşıyan bir neçə yüksəkliyi və yaşayış yerlərini geri alan Azərbaycan Ordusu həm də onu göstərdi ki, əsası 1918-ci ildə qoyulan, ərazi bütünlüyünü təmin edən Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Söz yox ki, həmin günlər müstəqil Azərbaycan ordusunun formalaşmasında tarixi xidmətləri olan Nuru Paşanın ruhu da oyaq idi. Azərbaycan və Türkiyənin ortaq hərbi tarixinin şərəfli başlanğıcını qoyan Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adının əbədiləşdirilməsi üçün layiqli və əhəmiyyətli nə etmişik? Sadəcə, onun şərəfli missiyasını xatırlayıb bir neçə tarixi faktı dilə gətirmişik.

***

Az qala ərazisi 10 hektarla ölçülən Ədirnəqapı şəhidliyində bir sükunət var. Yazın gəlişi ilə məzar yerlərindən baş qaldıran gül-çiçək iyisi hər tərəfi bürüyüb.

Türkiyənin elm, bilim, ürfan adamlarının bir çoxunun məzarı burda, məhz bu qəbiristanlıqdadır. Burda məzar axtarıb tapmaq olduqca çətindir. Çünki böyük şəhərlərin küçələri, ünvanları kimi burda da qəbirlərə gedən yol "adalara, caddələrə, sokaklara" bölünüb. Nuru Paşanın məzarı 7-ci adada, 7-ci küçədədir. Sahibi olduğu hərbi silah zavodunun partlamasında şəhid olanların cəsədlərinin qalıqları bir yerdə, ümumi məzarlıqda dəfn olunub. Bu balaca məzarlığın baş tərəfində, üstündə sinə daşı olmayan məzarda Nuru Paşa yatır. Əvvəllər partlayışdan sonra Nuru Paşanın cəsədinin tapılmadığı, cisminin ayrı-ayrı hissələrə bölündüyü səbəbindən ayrıca dəfn olunmadığını söyləyənlər isə həqiqəti bilmir. Türkiyəli araşdırmaçı Atilla Oral partlayışdan 3 gün sonra Nuru Paşanın sağ qalan bədən hissəsinin tabuta qoyularaq həyat yoldaşı, bacıları və yaxınları tərəfindən dəfn olunduğunu yazır və fotofaktlar təqdim edir. Göstərilən dəlillər, sübutlar əlavə suallara yer qoymur. Baxımsızlıqdan üstü və ətrafı yabanı otlarla örtülən Nuru Paşanın qəbri anası Ayşə xanımın məzarının sağ tərəfindədir. Ənvər və Nuru Paşanın anasının qəbri də təmtəraqdan uzaq, baxımsız, doğma insanların dualarına həsrət qalıb. Əyilib məzarların üzərini, ətrafını təmizləməyə çalışdıq. Amma uzun illər diqqətdən kənar qalan qəbirləri baxımlı hala gətirmək çətin idi. Nəriman Nərimanovun İsmayıl bəy Qaspralı haqda söylədiyi fikirlər həmin gün Nuru Paşanın məzarı başında qafamızda təkrar-təkrar səslənirdi: "Öz ömrünü millətin yolunda fəda edən Nuru Paşanın nəyə ehtiyacı var? Yalnız adına, şərəfinə, Türkiyə və Azərbaycan tarixində oynadığı rola uyğun bir məzar daşından başqa heç nəyə. Bunu kim etməlidir? Bizlər". Türkiyə rəsmilərinə, Azərbaycan ziyalılarına, iş adamlarına, üz tutaraq söyləyirik: "Gəlin, Nuru Paşanın adına uyğun abidə ucaldaq. Bu abidə Türkiyə və Azərbaycan qardaşlığının təcəssümü, ifadəsi olsun".

0
17
Bot