Dövlət Taxıl Fondu buğda tədarükü elan edir

Dövlət Taxıl Fondu buğda tədarükü elan edir

Bir ton buğda üçün 250 manat veriləcək.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün 2016-cı ildə ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü elan edir.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Dövlət Taxıl Fondu üçün “Səngəçal Taxıl Elevatoru”, “Gəncə Taxıl Elevatoru”, “Abşeron Taxıl” MMC, “Dəvəçi-Dəyirman MMC”, “Karat-Holdinq”, “Karmen MMC”, “Gəncə-Dəyirman” MMC, “N.Quliyev adına Bakı-Taxıl” ASC,  “Aveta” MMC, “Neon” firması, “EL” kiçik müəssisəsi, “Pak-Nur” Firması, “Xırman” Firması, “Rəşad” firması və “Svinks” MMC müəssisələri vasitəsilə cari ilin iyun ayının 21-dən sentyabr ayının 1-nə kimi yerli buğda istehsalçılarından qiyməti 1 ton üçün 250 AZN olmaqla Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verən buğda qəbul ediləcək.

1. Dənin naturası (bir lititlik purkalarda qramla): buğda üçün - 750 q/l-dən az olmamaqla

2. Alaq otları (zibil) qarışığı (faizlə) buğda üçün: - 2 faizdən çox olmamaqla

3. Dən qarışığı (faizlə): buğda üçün - 5 faizdən çox olmamaqla

4. Nəmlik (faizlə): bütün bitkilər üçün - 13,0 faizdən çox olmamaqla

5. Yapışqanlıq - 3-cü sinif - 23 faizdən az olmamaqla: buğda üçün - 2-ci qrupdan aşağı olmamaqla - yapışqanlığın keyfiyyəti: (göstərici: 65-75)

6. Şüşəvarilik - 3-cü sinif: buğda üçün - 40% -dən az olmamaqla

7. İyi və dad-bütün bitkilər üfunət, səməni, acıyovşan və ya dənli bitkilərə xas olmayan və onların emalı məhsullarına keçən (kerosin, benzin, sarımsaq və buna oxşar maddələr) digər iy və dad: - yol verilmir

8. Sürmə ilə sirayətlənmiş dənlər: - yol verilmir

9. Anbar ziyanvericiləri ilə sirayətlənmə bütün bitkilər üçün: - yol verilmir

10. Digər əlamətlər – bütün bitkilər üçün karantin və iqtisadi cəhətdən təhlükəli xəstəlik, zərərverici və alaq otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi  toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul) - yol verilmir.

Müvafiq keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək. Taxılın özüboşaldan yük maşınları ilə gətirilməsi tövsiyə edilir.

Əlavə məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyinin 012-512-50-25 və 070-271-71-33 nömrələrinə, habelə “112” qaynar xəttinə müraciət etmək olar.

Daxili malgöndərənlərdən tədarük edilən taxılın qəbulu üçün Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən dənin keyfiyyət göstəricilərinə görə verilmiş uyğunluq sertifikatının surəti və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş daxili karantin sertifikatı tələb olunur.

0
50