Rəşad Məmmədov azadlığa çıxa bilər

Rəşad Məmmədov azadlığa çıxa bilər

O bildirib ki, yoxlama qərəzli aparılıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Səbinə Quliyeva ifadə verib. 

Bildirib ki, kompleksdə landşaft dizayneri kimi çalışıb. Ərazidə yaşıllaşdırma dizaynı ilə məşğul olub.

Daha sonra iclasda Maliyyə Nazirliyinin sektor müdiri Ağasəf Ağayev ifadə verib. Bildirib ki, baş nazirin müavininin göstərişi əsasında Bayraq Meydanı Kompleksi İdarəsində yoxlama aparıblar: 

“Bəzi işçilərin adları tabeldə var idi, lakin qarşısı boş idi. Bəzilərinin adları yox idi, amma orada işləyirdilər. Biz də yoxladıq və akt tərtib etdik”.

R.Məmmədov isə bildirib ki, yoxlama qərəzli aparılıb.

Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib və dövlət ittihamçısı çıxış edib. O, R.Məmmədov və İsfəndiyar İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib və həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.

Məhkəmə müşavirəyə gedib. 

Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs ediliblər. 

0
22