Azərbaycanda doğuşayardım xidmətləri təkmilləşdirilir

Azərbaycanda doğuşayardım xidmətləri təkmilləşdirilir

Oqtay Şirəliyev əmr imzalayıb.

Səhiyyə naziri Oqtay Şirəliyev "Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə" əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, əmr respublikanın şəhər və rayonlarında doğuşayardım xidmətinin təşkili, fəaliyyətinin təkmilləşdirilməsi, hamilə və zahılara yüksək ixtisaslı mama-ginekoloji yardımın göstərilməsi məqsədi ilə imzalanıb.

Sənəddə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna, Respublika Perinatal Mərkəzinə, Azərbaycan Tibb Universitetinin I və II mama-ginekologiya kafedralarına, M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasına cədvələ əsasən doğuşayardım xidməti üzrə respublikanın regionlarına təhkim edilməsi tapşırılır.

Eyni zamanda, həmin müəssisələrin rəhbərlərinə tapşırılır ki, təhkim olduqları şəhər və rayonlarda doğuşayardım xidmətinin təşkili, onun keyfiyyətinin və səmərəliliyin yaxşılaşdırılması, bu sahədə təcrübi və metodiki yardımın göstərilməsi, fəaliyyətin təhlili və müvafiq təkliflərin verilməsini təmin etsinlər.

Təhkim olunmuş baza tibb müəssisələrinin və yüksək ixtisaslı mama-ginekolog, neonatoloq və anestezioloq-reanimatoloqlar Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyası vasitəsi ilə ezam olunmaları, ehtiyac yarandıqda digər mütəxəssislərin ezam olunması işinin təşkili, görülən işlər barəsində daim Səhiyyə Nazirliyinə məlumat verilməsi tapşırıqları da əmirdə öz əksini tapıb.

Əmrin digər bəndində rayon mərkəzi xəstəxanaların baş həkimlərinə doğuşayardım xidmətini şəxsi nəzarətdə saxlamaqla, aidiyyəti mütəxəssislərin məsuliyyətinin artırılması və ambulator–poliklinik müəssisələrin, qadın məsləhətxanalarının və doğum evlərinin fəaliyyətinin əlaqələndirilməsi, ezam olunan mütəxəssislərin fəaliyyəti üçün lazımi şəraitin yaradılması, təhkim olunmuş mütəxəssislər tərəfindən görülmüş işlərin mütəmadi müzakirə edilməsi tapşırılır.

E.Ə.

0
18
Bot