Fernando Alonso: "Bakı trasını başqası ilə müqayisə etmək mümkün deyil"

Fernando Alonso: "Bakı trasını başqası ilə müqayisə etmək mümkün deyil"

Bakıda trasın xüsusiyyətlərindən biri də onun çox uzun düz olmasıdır. İspan yürüşçüsü, 2005-2006-cı illərdə “Formula-1”in ikiqat dünya çempionu və üçqat vitse-çempion (2010, 2012, 2013), 2014-cü ilin dekabrından “Maklaren” komandasının yürüşçüsü Fernando Alonso hesab edir ki, ona görə və güc qurğusunun çatışmazlığı səbəbindən bu həftəsonu “McLaren”də problemlər yaranacaq...

- Fernando, “Baku City Circuit”i çempionatın təqvimində digər tras ilə müqayisə etmək olarmı?

- Düşünmürəm. Hər şəhər trası unikaldır. Monako onunla unikaldır ki, bu Monakodur. Sinqapur onunla unikaldır ki, biz gecə süni işıqlandırma şəraitində yarışırıq. Valensiya müxtəlif tipli döngələrinə görə unikaldır, lakin Bakı trası onların hamısından fərqlənir. Onu digər şəhər trası ilə müqayisə etmək mümkün deyil. Baxaq görək. Düşünürəm ki, bizi çox maraqlı həftəsonu gözləyir.

-Tras sizin maşına uyğun gəlirmi?

- Nəzəri baxımdan vəziyyət bizim üçün o qədər də yaxşı deyil. Biz uzun düz yolda vaxt itirəcəyik. Baxaq görək, bu itkiləri döngələrdə kompensasiya edə bilərikmi. Biz təxminən Kanadadakı kimi, oxşar mövqelərdə olacağıq. Monrealda biz fikirləşdik ki, rəqabətə o qədər də davam gətirə bilməyəcəyik, lakin sonda kvalifikasiya finalına düşdük. Baxaq görək, Bakıda da bizi bu cür xoş sürpriz göləyirmi, lakin biz çətin həftəsonuna da hazırıq.

Mənim üçün konkret rəqəmlər demək çətindir, lakin düz xətdə çox vaxt itirəcəyik və mən buna hazıram. Bizdə qüvvə və maksimal sürət çatışmır. Ola bilsin ki, itkilərin əvəzini çıxmaq üçün sıxma gücünün ən aşağı səviyyəsini seçərik. Bu variant dairədə zaman baxımından yaxşı olmaya bilər, lakin yürüşdə mübarizə aparmağa kömək edər.

- Kanada və Bakıda mərhələlər qoşalaşdırılıb. Siz dincələ və gücünüzü bərpa edə bildiniz?

- İyirmi ildə dincəlmək üçün mənə çox az vaxt lazım olub! (Gülür). Qoşalaşmış mərhələlər hamımız – həm yürüşçülər, həm də komanda üçün həmişə əlavə çətinlik yaradır. Vəziyyəti qəbul etməkdən və cümə günü səhər sükan arxasına əyləşməyə hazır olmaqdan başqa bir yol qalmır.

- Sizin Karlos Saynsla yaxşı münasibətləriniz var. Şayiə dolaşır ki, onunla “Ferrari”də maraqlanırlar. Siz ona Skuderiyaya keçməyə kömək edə bilərsiniz?

- Mən hər kəsə bacardığım köməyi etməyə hazıram. Oxumuşam ki, onun üçün belə imkan mövcuddur, lakin sözün doğrusu, bu cür şayiələr məndə böyük şübhə doğurur – adətən “Ferrari”yə təcrübəli yürüşçüləri dəvət edirlər. (AzerTac)

0
26