Rusiyalılar Qarabağ münaqişəsində ABŞ-ı günahkar bilirlər

Rusiyalılar Qarabağ münaqişəsində ABŞ-ı günahkar bilirlər

“Əhali, ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür”.

Rusiya vətəndaşlarının 70%-i bu ilin aprel ayında Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində 1994-cü ildən bəri baş vermiş ən irimiqyaslı hərbi toqquşmalar barədə məlumatlıdır.

Oxu.Az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə “Levada” sorğu mərkəzinin məlumatında deyilir.

Mərkəzin keçirdiyi sosioloji sorğuya əsasən, rəyi soruşulanların 59%-i baş verən son hərbi toqquşmalar barədə eşitdiklərini, lakin detallı bilgiyə sahib olmadıqlarını, 11%-i hadisələri izlədiklərini, 30%-i isə ümumiyyətlə, hərbi toqquşmalar barədə məlumatlı olmadıqlarını deyib.

Respondentlərin 67%-i bu münaqişədə hər hansı tərəfi dəstəkləmədiyini söyləsə də, 15%-i Ermənistan tərəfinə, cəmi 4%-i Azərbaycana simpatiya duyduğunu bildirib.

Rusiyanın hansı tərəfi dəstəkləməli olduğu sualına cavab olaraq respondentlərin 11%-i erməniləri müdafiə etməyin düzgün olduğunu, cəmi 3%-i isə Azərbaycana dəstək verilməli olduğunu vurğulayıb. 66% əhali, ümumiyyətlə, bu münaqişədə Rusiyanın bitərəf qalmalı olduğunu düşünür.

Rəyi soruşulanların 23%-i hərbi toqquşmaların başlamasının təşəbbüskarının ABŞ və NATO ölkələri, 19%-i Azərbaycan, 15%-i Türkiyə, 4%-i Ermənistan olduğunu bəyan edib.

0
10