Bakıda “Formula 1” Avropa Qran-prisinə start verilir

Bakıda “Formula 1” Avropa Qran-prisinə start verilir

Yarış trekinin uzunluğu 6 kilometrdir.

Bu gün Bakıda “Formula 1” üzrə dünya çempionatının 8-ci - Avropa Qran-pri yarışlarına start verilir.

Oxu.Az-ın məlumatına görə, hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. 

Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - “Mercedes”in heyətində Niko Rosberq, Luis Hamilton, “Ferrari”nin heyətində Kimi Raykkonenlə Sebastyan Fettel, “Uilliams”ın heyətində Felipe Massa ilə Valtteri Bottas, “Red Bull”un heyətində Daniel Rikkardo ilə Maks Ferstappen, “Force India”nın heyətində Serxio Pereslə Niko Hyulkenberq, “Renault”da Kevin Maqnussenlə Colion Palmer, “Toro Rosso” Daniil Kvyatla Karlos Sayns-ml., “Sauber”də Markus Erikssonla Felipe Nasr, “McLaren”də Fernando Alonso Censon Batton, MRT-da Rio Xaryanto Paskal Verlyayn və “Haas”da Romen Qrojanla Esteban Qutyerres yarışırlar.

Paytaxtımızda ilk dəfə keçiriləcək yarış məşhur pilotların avtoqraf sessiyası ilə başlayacaq.

Ardınca GP2 və “Formula-1” pilotları treklə tanış olacaqlar. Saat 15:00-da GP2 üzrə seçmə mərhələnin startı veriləcək. Günə Kris Braunun konserti ilə yekun vurulacaq.

İyunun 18-də GP2 pilotları birinci yürüşlərinə çıxacaqlar. Ardınca “Formula-1” üzrə seçmə mərhələ baş tutacaq. Bu dəfə gün Enrike İqlesiasın konserti ilə bitəcək.

Turnirin son günü - iyunun 19-da GP2 pilotları ikinci yürüşünü keçirəcəklər. Əsas yarışa - “Formula-1” Avropa Qran-prisi saat 17:00-da başlayacaq. Ardınca mərhələ qaliblərinin mükafatlandırılması və Farel Vilyamsın konserti nəzərdə tutulub.

Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə biləcək.

Qeyd edək ki, 7 mərhələdən sonra Rosberq 116 xalla birincidi. Konstruktorların yarışında isə onun idarə etdiyi “Mercedes” liderlik edir.

Bakı Şəhər Halqasının uzunluğu 6,006 km, ümumi məsafə 306,306 km, dövrə sayı 51, döngə sayı isə 20-dir. 

0
12