Tomas de Vaal: Qarabağda böyük müharibə başlaya bilər

Tomas de Vaal: Qarabağda böyük müharibə başlaya bilər

“Ermənilərin iddialarına baxmayaraq, bu, Azərbaycan ordusunun miqyaslı hücumu deyildi”.

Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspert Tomas de Vaal münaqişə ətrafındakı vəziyyətə dair yeni məruzə ilə çıxış edib.

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, məruzə Tomas de Vaalın baş elmi əməkdaşı olduğu “Carnegie Europe” fondunun saytında yerləşdirilib.

Ekspert qeyd edib ki, aprel döyüşləri 1994-cü ildən bəri ən ağır toqquşmalar idi. Ancaq ermənilərin təqdim etdiyinin əksinə olaraq, Azərbaycanın tammiqyaslı hərbi hücumu deyildi. 

“Böyük ehtimalla bu döyüşlər Bakının status-kvonu silkələmək, münaqişəni beynəlxalq gündəmə gətirmək və erməni tərəfinə təzyiqləri artırmaq cəhdi idi. Azərbaycan ordusu bu döyüşlər zamanı iki yüksəkliyi geri alıb”, - Tomas de Vaal deyib. 

Ekspertin fikrincə, Dağlıq Qarabağ ətrafında yeni təhlükəsizlik boşluğunu üzə çıxardı. Mayın 16-da ABŞ, Rusiya və Fransa Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada görüşünü təşkil edərək bu boşluğu doldurmağa çalışıb.

Həmin görüşdə razılaşdırılıb ki, tərəflər atəşkəsin monitorinqinin möhkəmləndirilməsinə dair təklifləri qəbul edirlər və münaqişənin nizamlanması üçün danışıqlara başlayırlar.

Tomas de Vaal 2011-ci ildə Kazanda prezidentlərə təqdim olunan təkliflərin müzakirə olunacağını hesab edir. 

Ekspert bildirib ki, danışıqların növbəti raundu haqda razılaşma əldə olunsa da, yeni toqquşmaların alovlanması riski yüksək olaraq qalır.

Onun sözlərinə görə, erməni tərəfi Dağlıq Qarabağ ətrafındakı əraziləri işğal altında saxlayaraq bununla öz təhlükəsizliyini təmin etdiyini irəli sürür, əslində isə bu vəziyyət gərginliyin artmasına və hər iki tərəfin təhlükəsizliyi üçün təhdidlərə gətirib çıxarır.

Ermənilər ətraf rayonları işğal altında saxlamaqla yanaşı, bu ərazilərin geri qaytarılmasının mümkünlüyü haqda da getdikcə az danışırlar. Əksinə, həmin ərazilərə erməni adları verirlər və orada məskunlaşma aparırlar. 

Azərbaycanda isə belə vəziyyətdə Dağlıq Qarabağa yüksək muxtariyyət statusunun verilməsinin mümkünlüyü haqda danışanların sayı azalıb, bu ərazilərin hərbi yolla geri alınmasına çağırışlar artıb. 

Tomas de Vaala görə aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin gələcəyinin necə olacağını proqnozlaşdırmaq çətindir. Ya yeni siyasi proses başlayıb nəticələr verəcək, ya da daha da böyük dağıdıcı gücə malik silahların istifadəsi ilə böyük müharibəyə gətirib çıxaracaq. 

0
22