XİN: Bako Saakyan viza almaq üçün öz şəxsiyyəti haqqında yanlış məlumat verir

XİN: Bako Saakyan viza almaq üçün öz şəxsiyyəti haqqında yanlış məlumat verir

“Onun Brüsselə getməsi turist səfərindən başqa bir şey deyildir”.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təmsilçisi kimi özünü təqdim edən Bakı Saakyan adlı şəxsin Brüsselə getməsi mahiyyət etibarilə turist səfərindən başqa bir şey deyildir.

Oxu.Az-ın sözlərinə görə, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Qarabağ separatçılarının lideri Bako Saakyanın Brüsselə səfərini şərh edərkən deyib.

“Brüsseldə olduğu dövrdə Bako Saakyan adlı şəxs Belçika Parlamentinin Ermənistan üzrə dostluq qrupunun rəhbəri El van Hoof, yerli Flamand qanunverici orqanının üzvü və köhnə dostu Karl Vanlouve ilə fərdi əsasda görüşüb. 

Radikal təfriqəçi və İslamafob baxışlara malik olan Karl Vanlouve dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib və buna görə də arzuolunmaz şəxslər siyahısına daxil edilib. 

Azərbaycan Respublikasının Belçika Krallığında səfirliyinin etirazına cavab olaraq, Belçika Parlamenti və Flamand qanunverici orqanından bu görüşlərin heç bir halda rəsmi xarakter daşımadığı və yalnız şəxsi əsasda baş tutduğu bildirilib.

Ermənistan Respublikasının diplomatik pasportu ilə hərəkət edən Bako Saakyan adlı şəxs Şenqen vizasının alınması prosesində öz şəxsiyyəti və daimi yaşayış ünvanı haqqında yanlış verir. 

Narazılıq doğuran hal odur ki, Şərq Tərəfdaşlığı proqramında iştirak edən digər ölkələrin halında Şenqen vizasının alınması prosesində bu kimi fərdlərə qarşı səfər sanksiyası tətbiq edildiyi halda, saxta sənədlər təqdim etməsinə və yanlış məlumat verməsinə baxmayaraq, Bako Saakyana Şenqen vizası rəsmiləşdirilir.

Bu bir daha onu sübut edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Vyanada prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra münaqişənin həlli üzrə substantiv danışıqlara başlamaq və qəbuledilməz olan status-kvonun dəyişdirilməsi üçün addımlar atmaq əvəzinə Ermənistan tərəfi bu kimi təxribatçı əməllərlə münaqişənin danışıqlar yolu ilə həllinə yenə də xələl gətirməyə çalışır”,- deyə H.Hacıyev bildirib.

0
16