BACISI AÇIQLADI: İlhamə Quliyevanın rəsmi varisləri - MÜSAHİBƏ

BACISI AÇIQLADI: İlhamə Quliyevanın rəsmi varisləri  - MÜSAHİBƏ

Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva Lent.az-a müsahibə verib.

 - İlhamə Quliyevanın oğulluğu Orxan Nadirovun vəkili Habil Vəliyev mətbuata açıqlamasında bildirib ki, vərəsəlik iddiasında olan digər qohumlar, o cümlədən sizinlə razılığa gəliblər. İstədik ki, bütün bu məsələlərlə bağlı ətraflı danışasınız.

- İlk öncə söyləyim ki, bu, mənim mətbuata verəcəyim ilk və son müsahibə olacaq. Qaldı ki, Orxanın vəkili Habil Vəliyevin açıqlamasına, mən onu görməmişəm, heç tanımıram. Mənim onlarla nə söhbətim, nə də görüşüm olub.

- Orxan Nadirov ATV-nin canlı efirində söylədi ki, İlhamə Quliyevanın bacılarının hamısı mirasda razılığa gəliblər. Və bütün mirasın ona qalmasını istəyirlər.

- Orxanla miras barəsində heç vaxt söhbətimiz olmayıb. Nə ATV kanalına çıxmadan qabaq, nə də sonra. O, heç bir zaman bizi axtarmayıb, maraqlanmayıb. Orxan məhkəməylə hərəkət etmək yolunu özü seçdi. İndi də getsin, nə istəyir, etsin. Qanun, hökumət var. Sonda qanun nə nəticə çıxaracaqsa, o da olacaq. Onun vəkili çox söz deyə bilər. Anlamıram, o vəkil məni tanıyır ki, mənim adımdan da söz deyir?! Açığı, nə mən, nə yaxınlarım Orxanı 40 mərasimindən sonra görmüşük.

- Bu günə qədər heç bir yerdə açıqlamamısınız. Bilmək istəyərdik ki, siz İlhamə Quliyevanın mirasına iddialısınızmı?

- Bəli, mən İlhamə xanımın mirasına iddialıyam.

- Sizdən savayı daha kimlər bu mirasa iddialıdır?

- Ümumiyyətlə, İlhamə xanımın qanuni varislərinin hamısı mirasa iddialıdır. Bunlar mənim bacım, bacımın uşaqlarıdır. Bundan başqa mənim şəhid qardaşımın iki qızı da mirasa iddialıdır.

- Əli Mirəliyev də bildirmişdi ki, onun qızı Samirə də bu mirasa iddialıdır.

- Əli Mirəliyev varis deyil. İlhamə xanımın Əli kimi qohumları çoxdur. Qanunən mirasa iddialılar bunlardır: bacım, şəhid qardaşımın qızları, rəhmətlik bacımın qızı, uşaqları və mən.

- Mirasdan Orxana nəsə çatırmı?

- Qanun sonda nə deyəcəksə, o da olacaq. Amma mən başa düşə bilmirəm ki, Orxan nəyə əsaslanıb iddia irəli sürüb. Əgər Orxan varis olsaydı, biz heç bir zaman varisliyə iddialı olmazdıq.

- Dayınızın oğlu Eldar İsmayılov bizə müsahibəsində söylədi ki, mirasla bağlı yalnız sizdən soruşaq və İlhamə xanım barədə bir çox şeyləri siz yaxşı bilirsiniz...

- Mənlə İradə onun bacısı, Nadir isə qardaşıdır. Yəni biz onun atabir bacısı, qardaşıyıq. İndi mənim günahım nədir ki, onun varisiyəm?! İlhamə xanımın qanuni varisləri yalnız bizik. Mən heç kəsə müharibə elan eləməmişəm. Mən Orxanı çox istəyirdim, onu özümüzdən uzaqlaşdırmamışdım. Bilirdik ki, İlhamənin xalası nəvəsidir. Amma o, özü bizə yaxın gəlmədi, bizdən uzaqlaşdı. Orxan iddialı idi ki, tək varis olsun. İndi getsin, qanun yol verirsə, olsun.

- Hazırda İlhamə xanımın evində kim yaşayır?

- Elə birinci gündən evin də, maşının da açarları Orxandadır. Özü də çıxıb televiziyada bu barədə açıqlama verib. Yəni İlhamə xanımın mülkünə həbs qərarı var, amma icra olunmur.

- Mərhum xalq artisti maqazin verilişinə müsahibəsində mirasının nəvəsi Ruslana qalmasını istəmişdi...

- Demişdi, İlhamə xanım ağlı başında, şüurlu insan olub. Çox adamların toyunu da edib, maşın da alıb. Çoxuna yaxşılıq edib. Lazım bilsəydi, vaxtında nəsə edərdi. Bəlkə də nəvəsi üçün nəsə alıb verib, amma mən bilmirəm. İlhamə xanım istəsəydi, Orxanı vaxtında qanuni varis edərdi. Amma etmədi. Bizim ağlımıza da gəlməzdi ki, İlhamə Orxanı rəsmiləşdirməyib. Amma hər zaman da deyirdi ki, Orxan mənlik deyil, onu rəsmiləşdirməyəcəm. İndi Orxanın özünü tək oğul, varis kimi göstərməsi yaxşı hal deyil. Varis bizik, qanunla da varis olmalıyıq.

- Bir çoxları söylədi ki, İlhamə xanım sağ olanda bacıları onun evinə gələ bilməzdilər...

- Onlar çox söz deyə bilərlər. Elə bu sözləri deyənlər söylədikləri sözlərə görə cavab verməli olacaqlar. Elə etməsinlər ki, mən onları məhkəməyə verim. Heç kəsə icazə vermirəm ki, mənim adımı çəksin, artıq-əskik danışsın. Bundan sonra kimsə barəmdə nəsə desə, qanun qarşısında cavab verəcək.

Biz bu vaxta qədər susduq, heç kimlə işimiz olmadı və heç yerdə danışmadıq, amma Orxan Nadirovun vəkilinin açıqlamaları məni danışmağa məcbur etdi. Sonda Orxanın vəkilləri Habil Vəliyevə və Elmira Məmmədovaya demək istəyirəm ki, bizim adımızı çəkməsinlər. Onlar bizi tanımır, nə də bizim onlarla söhbətimiz olub.

0
16