İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

İlham Əliyev “Formula-1”in rəhbərini qəbul etdi

“Azərbaycana daha çox turistin gəlməsi üçün Formula 1 yaxşı imkan yaradır”.

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib.

Oxu.Az-ın məlumatına görə, B. Ekklstoun “Formula-1” yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. 

O bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb.

B. Ekklstoun Azərbaycanın “Formula-1” ailəsinə daxil olmasından məmnun qaldığını deyib.

Beynəlxalq tədbirlərin təşkili baxımından ölkəmizin yaxşı təcrübəyə malik olduğunu deyən dövlət başçısı “Formula-1” yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu bildirib. Prezident yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan “Formula-1”in keçirilməsi münasibətilə əhali arasında yüksək əhval-ruhiyyənin olduğunu vurğulayıb.

"Biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq” deyən dövlət başçısı bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edib, son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib.

“Formula-1” yarışının əhəmiyyətinə toxunan prezident Azərbaycana daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını vurğulayıb. Dövlət başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insanın təkcə Bakıda deyil, ölkənin digər bölgələrində gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır.

O, “Formula-1” yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.

Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

0
16