Əsrlərin yadigarı olan musiqi aləti: Saz

Əsrlərin yadigarı olan musiqi aləti: Saz

Türklərin həyat tərzini, mədəniyyətini, fikir xəzinəsini özündə daşıyan saz duyğuların ifadəsində əvəzsiz rol oynayıb. Saz türk dünyasının ən əzəmətli musiqi alətlərindəndir. Onu döyüşlərdə də səsləndiriblər, toylarda da, el şənliklərində də. Saz çox müdrik həmsöhbət, həmdərddir. Ona duyğularını etibar etmək, dərdini onunla bölüşmək, baş-başa verib danışmaq olar. Bu zaman saz öz səsi, avazı ilə kədərinə məlhəm olub, sevincinə sevinc qatacaq. Şifahi xalq ədəbiyyatının çox zəngin qolu olan aşıq ədəbiyyatı məhz sazın, saz havalarının, aşıq mahnılarının üzərində qurulub. Hər havanın və mahnının da öz tarixi var.

Saz aşığın yol yoldaşıdır. El-el, oba-oba gəzən aşıqlar sazla qol-boyun yaşayıb, ondan heç vaxt ayrılmayıblar. Bu alət varlığı ilə folklorumuzda böyük bir yaradıcılıq yolu açıb. Bu ecazkar alətin eşqinə yaranan aşıq poeziyasının nadir inciləri, dastanlar, ifaçılıq məktəbi, saz havaları, aşıq mahnıları tariximizi, milli mənəvi dəyərlərimizi əsrdən-əsrə adladıb.

Deyirlər, qoç Koroğlu dəstəsinə üzv qəbul edərkən, əvvəlcə ona saz ifası dinlədərmiş və saz havası qarşısındakı insana təsir etməsə, onu öz sıralarına qəbul etməzmiş. Bu sınağın mənası nə idi? Sazın fiziki gücə nə aidiyyəti var idi? Koroğlu yaxşı bilirdi ki, ancaq ruh olan yerdə, güc və qələbə olar. Ruhu olmayan insandan nə döyüşçü? Bu mənada saz həm də əsrlər boyu türk igidlərinin ruhunu bədəndə oynadan, onları misilsiz qəhrəmanlıqlara sövq edən bir sərkərdə olub.

Azərbaycanda aşıq sənətindən söhbət açanda Dədə Qorquddan başlayıb gələn ozan-aşıq ədəbiyyatının görkəmli simaları Qurbanini, Abbas Tufarqanlını, Xəstə Qasımı, Aşıq Alını və Aşıq Ələsgəri yada salmamaq qəbahət olar. Ələsgər sazı, Ələsgər sözü Azərbaycan xalqı üçün bir əsrə yaxın böyük bir ədəbiyyat universiteti rolunu oynayıb.

Dədə Ədalət kimi tanınan və dövrümüzün ən mahir ifaçılarından olan Ədalət Nəsibov saz haqqında bu qənaətdədir: “Saz mənim deyil. Məhəmməd Peyğəmbərdən də əvvəl var olan bir alətdir. Sazın adına bax - saz. Saz bu alətə deyilir, bu da saz olmalıdır. Ölüm ayağında olan bir insanın yanında saz ifa ediləndə belə dirilməsə də, heç olmasa 5-6 ay ömrü uzanmalıdır. Saz Dədə Qorquddan, ozanlardan bizə qalan bir alətdir. Mən bu sazın üstündə nələr çəkmişəm – nə kağıza, nə kitaba yazmaq olmaz”.

Ədalət Nəsibov, bu gün saz sənətini peşəkarlıq və ustalıqla davam etdirən qocaman sənətkarlardandır. Hərdən saz onu, hərdən də o sazı yenib. Amma ifaçı və alət arasındakı bağlılıq hər ikisini heç vaxt darda qoymayıb: “Bir dəfə sual elədilər ki, ustad bu sazmı səni yenir, sənmi sazı yenirsən. Dedim baxır məqamına. Elə vaxt olur ki, bir az vəziyyət yaxşı getmir, iş alınmır, müştəri zəifləyir onda saz məni yenir”.

Ustad aşıq deyir ki, saz alətinin varlığı bizim xoşbəxtliyimizdir: “Olanımız budur. Bunu havayı göstərmirlər. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürk papağı qoyub başına və dəb saldı. Eləcə də saz. Saz 10-15 il bundan əvvəl bu qədər də ictimailəşməmişdi. Amma bu gün saz yerini alıb, dərnəklər, sənətkarlar, bütün ictimaiyyət sevir, el-oba da saza məftundur”.

Nə qədər çevik barmaqlı olsan da, günlərlə saz çalmaq özünə ləzzət verməz. Nəql edilir ki, Aşıq Ələsgərin təri alnında iki gözün ortasında yığışarmış. O tər öz-özünə, yavaş-yavaş dağılana qədər Ələsgər deyərmiş. Aşıq Alının tələbəsi olan Ələsgər nə qədər mən savadsızam desə də, sirr deyil ki, o, dövrünün ən savadlı ziyalılarından olub.

Musiqişünas Firudin Şuşinski yazırdı: "Dünyanın elə bir yerinə düşə bilərəm ki, orada heç Azərbaycanın hara olduğunu bilməzlər. Məndən haralı olduğum soruşulanda, sazı alıb “Yanıq Kərəmi” çalıb deyərəm: "Bax, mən buralıyam".

Saz – təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən qədim qatları ilə bağlıdır.

Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklər ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklər isə çoğurun sazla əvəzlənməsi mərhələləri olub. Üçsimli qolça qopuz çağdaş sazın sələfi sayılır.

Əsrlər boyu insanların sevgi bəslədiyi sazın çanağı tut ağacının seçmə növlərinin oduncağını ovmaqla, qolu isə qoz ağacından hazırlanır. Saz, əsasən, gilas ya gilənar ağacının qabığından hazırlanmış təzənə ilə səsləndirilir. Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1.200 mm, çanağının dərinliyi isə 200 mm olur.

Bütün Türk dünyasında sazbənd usta Xudu kimi tanınan Xudaverdi Mahmudovun davamçısı olan oğlu usta Fərman sazın düzəlmə prosesinin bütün incəliklərini əyani surətdə nümayiş etdirir. Usta bildirir ki, sazın düzəlməsi üçün ən önəmli olan onun materialıdır. Saz alətini dəmyə torpaqda bitən ağaclardan su qaçmayan vaxtı kəsilən materialdan hazırlamaq lazımdır: “Ən əsası sazı hazırlamaq onun materialına diqqət yetirmək lazımdır. Bəzən elə sazlara rast gəlirsən ki, saz çox ağır olur. O səbəbdən material seçiminə diqqət etmək lazımdır. Dəmyə yerində bitən ağacın çəkisi yüngül olur, həm məsamələri sıx, həm də göyçək və təmiz olur. Əlimdə gördüyünüz alətin çanaq hissəsidir, tut ağacından hazırlanır”.

Sazın hazırlanması prosesi ilk əvvəl alətin beçə hissəsinin düzəldilməsindən başlanır. Beçə hissə yonulduqdan sonra,  alət vasitəsi ilə ölçülür və sonra ortası mişar vasitəsi ilə kəsilir. Daha sonra çanaq hissəsinin hazırlanması prosesinə başlanılır. Musiqi alətinin çanaq hissəsi bütöv üç hissədən və qabırğa adlanan doqquz yan və arxa hissədən ibarətdir. Bu hissələrin hazırlanması üçün ağac lazım olan ölçüdə kəsilir, yonulur və mişarlanır. Daha sonra lazımi naziklikdə hazırlanmış qabırğa hissəsi yuvarlaq şəkil alması üçün isti soba vasitəsi ilə bu formada əyilir: “Bu qabırğaları əydikdən sonra sazın ölçüsünə uyğun olaraq bu ölçü vasitəsi ilə ölçürük, sonra kəsməyə başlayırıq. Saz üç cür olur – cürə saz, orta saz və tavar saz. Hansı saz arzu olunsa, o ölçüyə uyğun kəsilib hazırlanır. Sazın hazırlanmasına ana qabırğadan başlanılır. Sonradan burada 8 dilim kəsilir və arxası tamamlanır. Sazın çanağı beləcə hazır olur”.

Usta Fərman daha sonra sazın beçə və çanaq hissəsini yonur. Tavar saz düzəldən usta, bu sazın dərinliyini ölçür, əlindəki sazın dərinliyinin 63 sm olduğunu deyir və bildirir ki, musiqi alətində çanaq böyüdükcə, səs gurlaşır, kiçildikcə isə incələşir. Daha sonra qol əlavə edilir. Sazın qol hissəsi çanaq hissəyə beçə hissə vasitəsilə birləşir. İş prosesində bir neçə dəfə sazın üzərində ümumi nizamlama işi aparılır.

Saz alətinin hazırlanmasının sonrakı mərhələsində çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 16-17 pərdə bağlanılır. Bir vaxtlar simlər yüksək keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda qırılarmış. Çanağın üz hissəsi sinə adlanır. Sinə üzərində üç dəlik yerləşir. Bu dəliklər səsləri gücləndirmək məqsədi daşıyır və rezonator rolunu oynayır: “Bu sazın sinə hissəsidir. Bunu sazın öz ölçüsünə uyğun olaraq cızlayıb, sıyırıb, soba vasitəsi ilə bişirib, sonra yapışdırılacaq”.

Usta Fərman sazbəndlik sənətinin ailədə bu gün də davam etdiyini bildirir və deyir ki, oğlu Niyaməddin də bu yolun davamçısıdır. Usta bildirir ki, musiqi alətini düzəltmək üçün  bu alətdə ifa etməyi bacarmaq çox vacibdir: “Bu sənət mənə atamdan qalıb. Ailəmizdə ümumiyyətlə hər birimiz saz düzəltməyi və bu alətdə ifa etməyi bacarırıq. Məndən sonra oğlum Niyaməddin bu sənətə həvəslidir və mən də bu sənəti oğluma verəcəyəm”.

Sonrakı prosesdə düzəldilmiş saz yağlanır. Bu yağdan sinəyə vurmaq olmaz, çünki səsə ziyan verə bilər. Fərman usta bildirir ki, bir neçə ildən sonra bu cür saz qara saz olur. Bir sazın hazırlanması, ağacın quruması hesablanmasa, bir həftə, ya da 10 gün vaxt aparır. Sazın qolunun kəllə hissəsinin üzərində 8-9 aşıq var. Aşıqların düzəldilməsi və yerinə taxılması prosesini gənc sazbənd Niyaməddin göstərir. Qolun üzərində müəyyən məsafədə yerləşən, bir-birinə bərabər olmayan, 18–26 sayda pərdə yerləşir. Pərdələr keçmiş zamanlarda bağırsaqlardan, hazırda isə kapron iplikdən düzəldilir.

Sonra hazırlanmış musiqi alətini boyundan keçirmək üçün ona xüsusi ip salınır və bundan sonra saz, tamamilə, hazır  sayılır. Saz mizrabla ifa olunur.

Sazın cazibəsi, aşıq sənəti bu gün müxtəlif yaş kateqoriyalarından olan insanları öz ətrafına toplayıb. Zaman keçdikcə bu alətin ifaçılıq imkanları, qeyri-adi səs tembri, zəngin melodiya yaratmaq qüdrəti sənətsevərlərin diqqətini daha çox cəlb edir, onu dinləyənləri valeh edir.

Aşıq Avdı sazın bizim soykökümüz olduğunu qeyd edir: “Bütün türk musiqisi yarananda saz yaranıb. Saz elə bir alətdir ki, Allah tərəfindən verilən bir istedaddır. Mənim əlimdən tutub saz öyrətməyiblər. Gözümü açıb – elimizdə, obamızda saz görmüşəm. Babamdan, atamdan mənə sanki ruhən keçib. Ustad olmaq üçün ustada qulluq eləmək lazımdır”.

Saz havaları, aşıq musiqisi, olduqca zəngin xəzinədir. Onu bilib bəhrələnməklə musiqidə istənilən zirvəyə qovuşmaq olar. Saz – Türk dünyasının ulu babası hesab edilir. Saz çalıb söz söyləyən aşıqlarımız, tarixən, eldə-obada həm əxlaqı, həm istedadı, həm də savadı ilə sayılıb-seçilən insanlar olublar. Aşıq Ələsgər demişkən:

Aşıq olub, tərki-vətən olanın,
Əvvəl, başda pür kamalı gərəkdi.
Oturub-durmaqda ədəbin bilə,
Mə'rifət elmində dolu gərəkdi.

Xalqa həqiqətdən mətləb qandıra,
Şeytanı öldürə, nəfsin yandıra,
El içində pak otura, pak dura,
Dalısınca xoş sədalı gərəkdi.

Danışdığı sözün qiymətin bilə,
Kəlməsindən ləlü gövhər süzülə,
Məcazi danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdi.

Xalqın aşığa etibarı da, ondan tələbləri də yüksək olub. Bu deyimlər həmin mövqeyi çox dəqiq əks etdirir:

Hər aşığa aşıq demə,

Aşıq yana, yana gərək

Hər alimə alim demə

Alim qana, qana gərək.

Əgər aşıq məclislərdə ustadnamə, divani, təcnis, müxəmməs, dodaqdəyməz, dildönməzdən istifadə edə bilibsə, xalq onu yüksək qiymətləndirib. Aşıq məclisləri iştirakçıları əyləndirmək və şənləndirməklə yanaşı,  həm də xalqı maarifləndirmək məqsədi daşıyıb. Adətən hər məclis Divani ilə başlayıb, Müxəmməslə yekunlaşdırılıb.

Aşıq Avdı nəql edir ki, bir gün onun ustadı ustadından xəbərsiz qaçaraq bir məclisə gedirmiş. Bir ağsaqqal kişiyə rastlaşır və kişi soruşur aşıqsan? Deyir, hə. Deyir onda sənə bir sual verəcəyəm. Sazın başı haradır, ayağı haradır. Deyir burada nə var ki, aşıqlar olan tərəfi göstərir ki başı buradır, ayağı da buradır. Ağsaqqal da deyir ki cavabı ustadından soruşarsan. Məclisi yola verir gəlir ustadının yanına və deyir ki ustad səndən xəbərsiz məclisə gedəndə yolda bir ağsaqqal mənə bunu sual etdi. O da deyir hə, indi bunun cavabını sənə deməyəcəyəm, bir neçə ildən sonra özün başa düşəcəksən. Bir neçə ildən sonra ustad deyir ki, sazın başı Divani, ayağı müxəmməsdir.

Ustadların dediyinə görə, saza yaxşı qulluq etməlisən ki, o da sən istədiyini yerinə yetirə. O, sahibindən, sözün əsl mənasında isti münasibət istəyir. Doğrudan da, sazı soyuq havaya qoyduqdan sonra çalsan, uzağı bir havadan sonra kökdən düşəcək.

Aşıqların milli geyimlərinin müasirləşməsi də zamanın tələbidir. Əvvəllər aşıqlar çağırıldıqları yerə gedərmişlər. Yolda soyuq olmasın deyə, başlarına buxara papaq, ayaqlarına da xrom çəkmə geyərmişlər ki, səs telləri soyuqlamasın.

Sazın zənginliyi əsrləri arxada qoyaraq XXI əsrə yetişdi. Və müstəqil dövlətimizin uğurlu siyasəti nəticəsində dünya miqyasında öz həqiqi qiymətini aldı. Saz Fransanın möhtəşəm Luvr muzeyində öz ecazkar qüdrətini, gözəlliyini  bütün incəliklərinə qədər nümayiş etdirə bildi. 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salındı. Bu nailiyyət saz sənətinin daha da inkişaf etdirilməsinə, yeni nəslin bu qədim alətə daha çox maraq göstərməsinə böyük təkan verdi.

Saz ifaçılığı artıq musiqi məktəblərində daha geniş tədris olunur. Azyaşlılara bu alətin sirlərini öyrədən aşıq Nemət Qasımlı saz ifaçılığı tədrisinin çətinliyini belə dilə gətirir: “Tədris etmək çox çətindir. Çünki gələnlərin çoxunun sazdan başı çıxmır, heç tutmağı bacarmır. Eləsi var, efirdən görür və çalmaq istəyir. Öyrətmək üçün bir neçə şərtlər var – birincisi gərək dili gözəl biləsən, savadlı olasan, ən əsası da millətini sevməlisən. Hansı sahə olursa olsun sən layiqli vətəndaş hazırlamalısan. Aşıq olmaq arzusu ilə gələnləri əksər hallarda elmə yönətlmişəm”.

Saz ata-babalarımızın əsrlər boyu qoruyub saxladığı, bu alət vasitəsi ilə öz tarixini, mədəniyyətini folklorumuzda əbədiləşdirdiyi əvəzsiz musiqi alətidir. Bu gün o, hamı ilə öz dilində danışır və milli Azərbaycan musiqisinin gözəlliyini, zənginliyini bütün dünyaya bəyan edir. Türk dünyasının birliyinin, əzəmətinin rəmzi, qürur mənbəyi olan saz nə yaxşı ki, bu gün də bizimlədir və  nə yaxşı ki, etibarlı əllərdədir.

0
38