Latviya biotibb və əczaçılıq sahəsində Azərbaycana əməkdaşlıq təklif edir

Latviya biotibb və əczaçılıq sahəsində Azərbaycana əməkdaşlıq təklif edir

Azərbaycan “Balttour 2017” sərgisinə dəvət olundu.

Latviya Azərbaycana biotibb və əczaçılıq sahəsində Azərbaycana əməkdaşlıq təklif edib.

Oxu.Az xəbər verir ki, müvafiq təkliflə Azərbaycan Respublikası və Latviya Respublikası arasında İqtisadi, Elmi, Texniki və Mədəni Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın altıncı iclasında Latviyanın nəqliyyat naziri Uldis Auqulis çıxış edib.

Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyətinə ölkənin nəqliyyat naziri Ziya Məmmədov rəhbərlik edib.

İclasda çıxış edən U. Auqulis dərman vasitələrinin dizaynı infrastrukturunun inkişafı, informasiya və kommunikasiya texnologiyaları, həmçinin kosmik texnologiyalar, tarixi binaların bərpası və yenidənqurulması, XX əsrin tədqiqində tarixi təcrübənin mübadiləsi də daxil olmaqla humanitar elmlər, enerji texnologiyaları və ağıllı şəbəkələr (smart şəbəkələr), ətraf mühit problemləri, iqlim dəyişiklikləri, ətraf mühitin mühafizəsi, biomüxtəliflik və ekosistemlərin tədqiqi və mühafizəsi üzrə Azərbaycan tərəfi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

İki ölkə arasında turizm sektorunun prioritetlərini və müalicəvi turizm də daxil olmaqla, turizm sahəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayan nümayəndə heyətlərinin rəhbərləri Ziya Məmmədov və Uldis Auqulis Azərbaycan və Latviyanın turizm şirkətləri arasında qarşılıqlı əməkdaşlığı və hər iki ölkənin turizm potensialının təbliğinə dair məlumat mübadiləsinə dəstək ifadə ediblər.

Bundan başqa, Latviya Azərbaycan turizm sənayesinin nümayəndələrini 2017-ci il 3-5 fevral tarixlərində Riqada keçiriləcək “Balttour 2017” 24-cü Beynəlxalq Turizm Sərgisində iştiraka dəvət etdi.

Azərbaycan tərəfi öz növbəsində Latviyanın turizm sənayesinin nümayəndələrini 2017-ci ilin aprel ayında keçiriləcək “AİTF 2017” Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisində iştiraka dəvət edib.

0
31