Neft Fondu büdcəyə transfertin həcmini azalda bilərmi? – AÇIQLAMA

Neft Fondu büdcəyə transfertin həcmini azalda bilərmi? – AÇIQLAMA

SOFAZ məlumat yaydı.

2016-cı il üçün dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının Qanununa, eləcə də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2016-cı il büdcəsinə əsasən cari ildə Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi 7615 milyon manat həcmində təsdiq edilib ki, qeyd edilən məbləğin rüblük və aylıq bölgü əsasında dövlət büdcəsinə köçürülməsi nəzərdə tutulur.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Neft Fondundan (SOFAZ) bildirilib.

"Bununla əlaqədar dövlət büdcəsi qarşısında öhdəliyin vaxtında icra edilməsi məqsədilə Neft Fondu tərəfindən aylıq bölgü əsasında transfertin köçürülməsi davam etdiriləcək", - deyə açıqlamada qeyd olunub.

Fond həmçinin qeyd edib ki, fiskal və monetar siyasətin tələblərinə uyğun olaraq transfertin rüblük və aylıq bölgüsündə düzəlişlərin edilməsi istisna edilmir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanına əsasən Neft Fondunun xərcləri 30% artırılıb.

Fondun 2016-cı il üçün gəlirləri 2 milyard 133 milyon 89,5 min manat, yaxud 46,6% azaldılaraq 4 milyard 578 milyon 474,6 min manata salınıb.

Bundan başqa, Fərmana əsasən, fondun xərcləri isə əksinə olaraq 2 milyard 487 milyon 534 min manat və ya 30,41% artırılaraq 10 milyard 668 milyon 933,7 min manata çatdırılıb.

Ülviyyə R. Əli

0
26